Qış turizm mərkəzlərində istirahət hər kəs üçün əlçatandır?

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanda qış turizm mərkəzlərində qiymətlər müəyyən qədər əlçatandır. Lakin tələbatın yüksək olduğu dövrlərdə, o cümlədən bayram günləri və həftə sonları müəyyən qədər bahalaşma ola bilər.

Bunu AzerTimes-a açıqlamasında turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, qış turizmi təkcə sürüşmək, kanatla gəzmək deyil. Eyni zamanda təbiəti hiss etmək, dağ rayonlarında qar görmək və s. də bu turizm növünün elementləridir.

“Düzdür, beş ulduz səviyyəsində, müəyyyən müasir standartlara cavab verən qış təsisatlarımızda istirahətin hər kəs üçün əlçatan olduğunu deyə bilmərik. Amma yenə də qiymətlərin çox da baha və şişirdilmiş olmadığını görürük. Qar görmək, qışda təbiəti seyr etmək üçün regionlara sadə səfərlər də etmək olar. Xüsusən, regionlarda yerləşən hotellərdə müqayisəli qiymətlər tapmaq mümkündür. Çünki qışda yay mövsümü ilə müqayisədə səfərlərin sayı o qədər də çox olmur. Bəzi regionlarda qalmaq üçün individual şərait var, vətəndaşlar şəxsi evlərini icarəyə verirlər. Dediyim kimi xarici ölkələrlə müqayisə etdikdə qiymətlərin o qədər də yüksək olmadığını görürük. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, əgər 2019-cu ildə adambaşına düşən turizm xərcləri 1000-1300 dollar idisə, 2021-ci ildə bu rəqəm 1500 dollar ətrafındadır. Bu da uçuş və xidmət sahələrində qiymətlərin artması, koronavirus testləri kimi əlavə xərclərin ortaya çıxması ilə əlaqədardır” – deyə, ekspert bildirib.

Qeyd edək ki, hazırda ölkədə 3 qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Şahdağ, Tufandağ və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq qış istirahət mərkəzləridir.

Teqlər: