“Qırmızı Ürəklər” Fondunun dəstəyi ilə Gənc Qan Donorlarının III Ümumrespublika Forumu baş tutub (FOTO)

“Qırmızı Ürəklər” (Red Hearts) Fondunun, Qan Donorları
Assosiasiyasının, Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Fairmont Hotelinin və
Mərkəzi Qan Bankının birgə tərəfdaşlığı ilə 6 aprel 2022-ci il
tarixində Fairmont hotelində Gənc Qan Donorlarının III
Ümumrespublika Forumunun rəsmi açılış mərasimi keçirilib.

Forumun məqsədi Respublikada qan donorluğunun inkişafına dəstək,
gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən
əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu
istiqamətində cəmiyyətin maarifləndirilməsidir.

Forumda Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov,
“Qırmızı Ürəklər” Fondunun vitse-prezidenti Yusif Poladov,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı
direktoru Aygün Əliyeva, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə
Qafarova, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad
Mahmudov, millət vəkili İlham Məmmədov, Bakı şəhər Gənclər və İdman
Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, Forumun
əhəmiyyətindən, ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən
sahəyə yönəltməklə qan vermənin faydalarını daha geniş auditoriyaya
çatdırılmasının vacibliyindən danışdılar.

Forum çərçivəsində paytaxtdan və regionlardan seçilmiş 30 nəfər
gənc “Könüllü donor şəbəkəsinin” qurulması mövzusunda təşkil olunan
3 günlük təlimlərdə iştirak ediblər. Gənclər arasında yaradılan
kommunikasiya və aldıqları təlimlər imkan yaradacaq ki, ölkədə qan
donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət
göstərsinlər.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital
Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda
Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə,
sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil
olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları
və digər maraqlı məlumatları əldə etmək olar.

Teqlər: