Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi türkdilli ölkələrin xəbərlərini yayımlayan www.turkic.world layihəsinə qoşuldu

Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”unun təşəbbüsü ilə reallaşan və türkdilli ölkələrin xəbərlərini yayımlayan www.turkic.world layihəsinə Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi də qoşulub.

Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi ölkənin yeganə rəsmi informasiya və təhlil qurumudur. “Kabar” eyni zamanda ölkənin daxili və xarici siyasətinin media əlaqələndiricisi rolunu oynayır. Agentlik ilk növbədə Qırğız Respublikasında və ölkə xaricində dövlət orqanları, vətəndaş cəmiyyəti strukturları tərəfindən verilən rəsmi məlumatları yayır.

Qeyd edək ki, türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkə rəhbərlərinin diqqət mərkəzindədir. Qardaş ölkələr arasında bir çox səhələrdə münasibətlərin daha da inkişaf etdirilməsində ortaq media platformasının yaradılması xüsusi əhəmiyyət daşıyır.

Bunu nəzərə alaraq, mayın 24-də Bakıda Trend İnformasiya Agentliyi Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin (https://turkic.world) təqdimatını keçirib.

Təqdimat mərasimində Azərbaycan və Türkiyə media qurumlarının rəhbərləri, türkdilli ölkələrin diplomatları, millət vəkilləri və digər qonaqlar iştirak edib.


Unikal proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir.

Rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafı və təkmilləşməsinin əsasını təşkil edəcək.

Gələcəkdə layihəyə digər türkdilli ölkələrin müdia qurumlarının da qatılacağı gözlənilir. Türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.

Teqlər: