Qırğızıstan paytaxtında Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)

Bişkek şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar
anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, “Mərkəzi
Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi” ictimai
təşkilatının ölkəmizin Qırğızıstandakı səfirliyi ilə birgə təşkil
etdiyi tədbirdə parlamentin deputatları, yerli ictimaiyyətin,
Qırğızıstan və Qazaxıstandakı Azərbaycan diasporunun, KİV-lərin
nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər
bildiriblər ki, xalqımız heç bir zaman 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində
dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli
soyqırımını unutmayacaq və unutdurmayacaq. Azərbaycan dövlətinin
yürütdüyü siyasət nəticəsində dünya ictimaiyyətinə Xocalı soyqırımı
barədə həqiqətlərin çatdırıldığı, bu faciəyə beynəlxalq səviyyədə
hüquqi-siyasi qiymətin verilməsinin, vəhşicəsinə törədilmiş
cinayətin baiskarlarının məsuliyyətə cəlb olunmasının vacibliyi
nəzərə çatdırılıb.


Qeyd edilib ki, soydaşlarımız Xocalı soyqırımının rəsmən
tanınması ilə əlaqədar Qırğızıstan parlamentinə müraciət edib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
150-yə yaxın tədbir keçiriləcək

Teqlər: