Qırğız Respublikasının birinci xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub

Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova aprelin
20-də Heydər Əliyev Mərkəzi ilə tanış olub.

AzerTimes-ın məlumatına görə,
qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev
Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin
fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu
Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə
yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin,
dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq
aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin,
idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin
dəstəklənməsinə və inkişafına xidmət edir.

Qonaq əvvəlcə Ulu Öndərin istifadə etdiyi avtomobillərə
baxıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Qırğız Respublikasının
birinci xanımı Ayqul Japarovanın böyük marağına səbəb olub. Diqqətə
çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi
ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”,
“Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs,
nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm
də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının
müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu
üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim
edilir.

Qırğızıstanın birinci xanımı Ayqul Japarova Mərkəzdə “Azərbaycan
inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın
tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz
təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir
eksponatlar nümayiş olunur. Burada qədim peşələrin, o cümlədən
Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim
çalğı alətlərimiz orijinal şəkildə – səsli formada təqdim edilir.
Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi
sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da
görə bilərlər.

“Musiqi alətləri: birlik və müxtəliflik” guşəsində də olan
Qırğızıstanın birinci xanımı qaval daşını səsləndirib. O, “Mini
Azərbaycan” və “Kukla incəsənətdə” guşələri və konfrans zalı ilə
tanışlıqdan məmnunluğunu bildirib.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan xoş təəssüratla ayrılan
Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Mərkəzin
xatirə kitabına ürək sözlərini yazıb.

Teqlər: