“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli məclisə tövsiyə edilib

Martın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası
keçirilib.

Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, iclasda komitənin
sədri Tahir Rzayev məlumat verib ki, iclasın gündəliyinə “Qida
təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş) daxil
edilib.

Qanun layihəsinin birinci oxunuşda geniş müzakirələrdən
keçdiyini bildirən komitə sədri sənədin müasir çağırışlar
kontekstində qida təhlükəsizliyinin təmini və insanların
sağlamlığının qorunması ilə bağlı aktuallığına toxunub.

T.Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin “tarladan
süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində
qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən
etdiyini söyləyib.

İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri
Qoşqar Təhməzli və agentliyin aparat rəhbəri Elxan Mikayılov
deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli
Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Teqlər: