MDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib (FOTO)

2022-ci ilin 29 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının
təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə
həsr edilmiş “Tarixi yaddaşımıza yazılan qanlı səhifə” mövzusunda
mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn
formatda təşkil edilən mühazirədə universitetin akademik və
inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak
ediblər.

Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər
kafedrasının müdiri, dosent Esmira Cəfərova Azərbaycanın müxtəlif
ərazilərində erməni millətçiləri tərəfindən on minlərlə dinc
sakinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsi, bir
çox tarixi, mədəni və dini abidələrin dağıdılması ilə nəticələnən
Mart soyqırımının tariximizin qan yaddaşına çevrildiyini bildirib.
Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən hər il
31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd
edildiyini diqqətə çatdıran E.Cəfərova bu məqsədlə universitetdə
təşkil edilən tədbirlərin tarixi həqiqətlərin gənc nəsillərə
çatdırılması baxımından önəmindən bəhs edib.

Sonra, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Aygün
Qədirova məruzə ilə çıxış edib. 1918-ci ilin martın 31-də xalqımıza
qarşı törədilmiş qanlı faciədən 104 il ötüdüyünü qeyd edən
A.Qədirova məruzəsində soyqırımın səbəbləri və tarixi kökləri,
ermənilərin mənfur, vəhşi, terrorçu və vandal xislətini ifşa edən
tarixi faktlar barədə danışıb, qanlı hadisədən çıxarılası dərslərlə
bağlı fikirlərini bölüşüb.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra, iştirakçıların
çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin
keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin
vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında
müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm
verilir.

Teqlər: