Qida məhsullarının qablaşdırılması ilə bağlı yeni tələblər qoyulacaq

Azərbaycanda qida və yem məhsullarının qablaşdırılması və
etiketlənməsi zamanı onların təhlükəsizliyinə dair yeni tələblər
müəyyən edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında
yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, qida və yem məhsulları qida
təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların
tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini
təmin edə biləcək üsullarla qablaşdırılmalıdır.

Qida məhsullarının etiketlənməsi aşağıdakı tələblərə uyğun
həyata keçirilməlidir:

İstehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri,
tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi,
yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər,
mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə
qaydaları barədə dolğun məlumatlar verilməli; məhsulların
etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən
formada həyata keçirilməli; həmin qida məhsullarına xas olmayan
təsir və ya xassələri göstərilməməli; eynixassəli oxşar qida
məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi
təqdim etməməli; təbii mineral sular və xüsusi təyinatlı qida
məhsulları istisna olmaqla, hər hansı bir qida məhsulunun
etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması,
müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar
verilməməli; kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd
təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq
yazılarının və nişanlarının olması təmin edilməlidir.

Qeyd edək ki, qanun layihəsi dünən Milli Məclis tərəfindən
üçüncü oxunuşda qəbul edilib.

Teqlər: