Qeyri-neft sektoru üzrə ixrac 30 faizdən çox artıb

Xəbər - Çingiz Səfərli – Trend:

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. ABŞ dolları və ya 30,5% artıb.

AzerTimes xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında qeyd olunub.

2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ümumi ixracı 11,4 mlrd. dollar, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 mlrd. dollar təşkil edib.

2021-ci ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon dollar ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 42% artım qeydə alınıb.

2021-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (133,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (128,2 milyon ABŞ dolları) ikinci, qızıl (116,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7% təşkil etməklə 192 mln ABŞ dolları olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (49,9 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,9 milyon ABŞ dolları) olub.

2021-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilkin formalı polipropilen (15 milyon ABŞ dolları) birinci, azot gübrələr (12,7 milyon ABŞ dolları) ikinci və şaftalı (12,2 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-iyul ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2021-ci ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Local Garden”, “P-Aqro” MMC, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “FruitLand” MMC və Cəfərov İlqar Südgül oğlu.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Caspian Geo” MMC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”.

2021-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92 faizini təşkil edib. 2021-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 6,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-iyul ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon ABŞ dolları ilə ABŞ, 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 5,6 milyon ABŞ dolları ilə Fransa, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.

2021-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 283,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin iyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 47 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara daxil olmuşdur. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 iyul tarixinə kimi (55 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 30 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin avqust ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 625 milyon ABŞ dolları təşkil edib.

Twitter:@cingizsafarli

Teqlər: