Qətərdə beynəlxalq sərgidə Azərbaycanın lavanda və zəfəran məhsullarına böyük maraq olub, ixraca dair müqavilə imzalanıb (FOTO)

Qətərdə keçirilmiş beynəlxalq sərgidə Azərbaycanın lavanda və
zəfəran məhsullarına böyük maraq olub, ixraca dair müqavilə
imzalanıb

10-14 mart tarixlərində Qətər Dövlətinin Doha şəhərində
keçirilmiş 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi
2022”də iştirak etmiş Azərbaycan sahibkarları sərgi zamanı
əməkdaşlığa dair bir sıra razılaşmalar əldə edib, müqavilə
imzalayıblar. Belə ki, sərgi çərçivəsində alüminiumun təkrar emalı
ilə məşğul olan Azərbaycan şirkəti xarici şirkətlə ixraca dair
müqavilə imzalayıb.

Azərbaycan pavilyonu və burada nümayiş olunan kənd təsərrüfatı,
qida və ətraf mühit sahələri üzrə məhsul və xidmətlərimiz də sərgi
ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Xüsusilə də Bakı,
Qəbələ və Cəlilabad rayonlarında fəaliyyət göstərən müəssisələr
tərəfindən istehsal olunmuş zəfəran, lavanda və çiyələk
məhsullarına maraq böyük olub.

Qeyd edək ki, “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit
Sərgisi 2022”də İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və ölkəmizin
Qətər Dövlətindəki Səfirliyinin koordinatorluğu ilə Azərbaycan
pavilyonunda 11 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul
və xidmətləri nümayiş olunub.

Teqlər: