Qərb standartlı dövlət qurmağa xalqımız hazır deyil

Qərb standartlı dövlət qurmağa xalqımız hazır deyil

Bu gün radikallar xalqı böyük dəyişikliklər, ali dəyərlər üçün fədəkarlıq etməyə hazır olmadıqları üçün tənqid, bəzən hətta təhqir edirlər. Biz xalqımızın inkişafın yeni mərhələsinə keçməyə – Qərb standartlarına uyğun hüquqi dövlət, mülki cəmiyyət qurmağa hazır olmadığını 21 il öncə deyirdik və onları radikallıqdan imtina etməyə çağırırdıq. Onları inandırmağa çalışırdıq ki, iqtidarla əməkdaşlıq etməklə cəmiyyəti inkişaf etdirmək lazımdır, iqtidarın legitimliyini tanımamaq və gəncləri radikallaşdırıb mərhumiyyətlərlə üz-üzə qoymaq doğru siyasət deyil. Elçibəy demişkən, bəzi məsələlərin zamana ehtiyacı var.

AzerTimes xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi”nə geniş müsahibəsində deyib.

“Müəyyən problemlər iqtidardan yox, xalqımızın ali dəyərlərə sadiqliyindən və inkişaf səviyyəsindən qaynaqlanır. Avropa standartlarına uyğun dövlət qurmaq üçün həmin standartlara cavab verən insan formalaşdırmalıyıq. Buna isə iqtidarı düşmən elan edib, xalqımızı onların çağırışlarına cavab vermədiyi üçün təhqir edib aşağılamaqla nail olmaq mümkün deyil. Bəzi insanlara qarşı sərt qərarlar isə ya onların böhtan və təhqirlə dolu davranışlarına, ya da şübhəli fəaliyyətlərinə görə ola bilər. Məsələn, siyasətdə olduğu uzun illər ərzində öz “konstruktiv” mövqeyi ilə seçilən, hətta “fit”lə hərəkətə keçən radikalları tənqid etməkdən çəkinməyən biriləri, birdən-birə öz radikallıqları ilə son günlərə qədər tənqid etdiklərini də geridə qoyurlar. Bu, həm də torpaqlarımızın işğaldan azad edilməsindən sonra baş verir. Halbuki əks proses baş verməli, radikallar daha konstruktiv mövqe sərgiləməliydilər. Buradan çıxan məntiqi nəticə odur ki, bu adamlar ya kənar təsir altına düşüblər, ya da iqtidar yeni dövr üçün “yeni lider”lər yetişdirir. Ona görə də narahatlıq və həyəcanlanmaq üçün ciddi əsas yoxdur. Qeyd etdiklərim həm də o cür yozulmamalıdır ki, ölkəmizdə qanunun aliliyi ilə əlaqədar problemlər yoxdur. Biz, BAXCP olaraq hər zaman iqtidarı məhkəmə-hüquq islahatlarını dərinləşdirməyə çağırırıq. Biz islahatların xalqımızın sosial inkişaf indeksinə görə, o cümlədən xalq olaraq demokratik ənənələrə sahib olmadığımız səbəbindən ölkəmizdə xaosa və vətəndaş qarşıdurmasına gətirib çıxara biləcəyi, həmçinin qonşularımızla münasibətlərə və regional təhlükəsizliyə ziyan vura, dini ekstremizmin böyük təhlükəyə çevrilə biləcəyi barədə narahatlıqları da qəbul edirik, bölüşürük. Biz məsələlərə həm də regional müstəvidə baxmalı, qazanacaqlarımızla itirə biləcəklərimizi müqayisə etməliyik. Yeri gəlmişkən, deyim ki, xalqımızın passionar (siyasi fəal) hissəsi radikallardan fərqli olaraq daha sağlam siyasi mövqe nümayiş etdirir. Ona görə də “fit” müxalifətinin çağırışlarına cavab vermirlər. Mövcud vəziyyəti dərindən təhlil edərək biz mütəmadi olaraq iqtidarı yuxarıdan tədrici islahatlarla, güclü bazar iqtisadiyyatı qurmaqla xalqımızı yeni dövrə hazırlamağa çağırırıq. Kiminsə hakimiyyət ehtiraslarına görə ölkəmizin gələcəyini təhlükəyə atmaq olmaz”, – o bildirib.

Teqlər: