Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Temirbek Jurgenov adına Qazax Milli Sənət Akademiyasının medalı ilə təltif olunub.
AzerTimes xəbər verir ki, akademiyanın qızıl medalını təqdim edən rektor, Qazaxıstanın əməkdar xadimi, “Hörmət” ordeni kavaleri Əzəmət Satıbaldı Qənirə Paşayevanın mədəniyyət, incəsənət sahəsində mütəxəssislərin hazırlanması, gənc istedadların üzə çıxarılması, onlara qayğı göstərilməsi sahəsində göstərdiyi xidmətlərdən, eləcə də, qardaş ölkələrimiz arasında mədəni əməkdaşlığa verdiyi töhfələrdən söz açıb.
Bu təltifə görə şərəf və eyni zamanda məsuliyyət duyduğunu söyləyən Q.Paşayeva nəcib diqqət, təltif və etimada görə rektora, akademiyanın kollektivinə öz minnətdarlığını bildirib.
Q.Paşayeva Xudafərin körpüsünün əks olunduğu dekorativ tətbiqi sənət əsərini rektora hədiyyə edib, habelə müəllifi olduğu “Qardaş ölkəm Qazaxıstan” kitabını, qazaxca çıxan həmmüəllifi olduğu kitablarını imzalayıb.
Komitə sədri akademiya rəhbərliyini Azərbaycana səfərə dəvət edib.