Qənirə Paşayeva ilə İstanbulda bir gün…

Qənirə Paşayeva ilə İstanbulda bir gün…

Ağacın alt budağıydın, əlimiz çatan yer idin.

Yığışıb yazarların, küçəsindən getmisən.

Səni sevən dostların kisəsindən getmisən.

Bu sətirləri şair dostum İlham Qəhraman ədəbiyyatşünas, bütün şairlərin istinasız dostu Arif Əmrahoğlunun ölümünə yazmışdı. Bu sətirləri oxuyandan sonra Arif Əmrahoğlu haqqında heç nə yaza bilmədim. Şair bir bəndlik misrada elə anlatmışdı ki, sözün üstünə söz yazmağa qıymadım, nə yazsam bu misranın kölgəsində qalacaqdı.

Arif Əmrahoğlunun ölümündən artıq on ilə yaxın vaxt keçir. Bu on ildə onlarla dost itirmişik, onlarla ziyalımız, aydınımız haqqa qovuşub. Bu on ildən sonra bu gün yenidən bu misranı xatırlamalı oluram. Türk dünyasının əziz qızı Qənirə xanım Paşayevanın ölümü yenidən məni şairin bir bəndlik həmin misrasına götürdü. Doğurdan da Qənirə xanım “ağacın alt budağıydı”, amma təkcə şairlərin deyil, bütün Azərbaycanın, bütün Türk dünyasının “əli çatan, ünü yetən yeriydi”…

Qənirə xanımla bir neçə dəfə yol yoldaşı da olmuşam. “Doğma qardaş da yolda tanınar” – deyirlər. Getdiyimiz yolların hər biri Türk dünyasının mənəvi birliyinə gedib çıxırdı, hər getdiyimiz yerdə ürəyim bir azərbaycanlı kimi, bir türk kimi qabarırdı. Macarıstanda keçirilən Turan qurultaylarında üç dəfə səfərdə olmuşduq. İlk qurultay keçirilən günlərdə Qənirə xanım ciddi şəkildə xəstələnmişdi, Qurultaya qatıla da bilmədi, yarımçıq geri göndü. Üzləşdiyimiz bu durum bütün heyətimizin, bütün qurultay iştirakçılarının üstünə sanki sərin su səpmişdi. Qənirə xanımın gedişi hər kəsdə bir əskiklik yaratmışdı. Hamını əzizləyir, hamının qayğısına qalırdı. Sanki biz onun övladlarıydıq, o bizə Analıq edirdi. Sonralar bildim ki, əslində yaşca mən ondan daha böyüyəm.

İki il sonra növbəti Turan qurultayda iştirak edəndə Qənirə xanım məni şaman çadırında bir ayində görmüşdü. Deyirdi, şaman məclisində sənə göz qoyurdum, onların içində ayinləri yüz illik şaman kimi yerinə yetirirdin. Dərhal da əlavə etmişdi: “Bir türk həm də şaman olmalıdı”…

2016-cı ildə İstanbul Ədirnəqapı məzarlığından millət vəkili Qənirə Paşayeva və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Nuru Paşanın baxımsız durumda olan qəbrinin şəklini paylaşmışdı. Qısa vaxt ərzində bu məsələ öz həllini tapdı və Nuru Paşanın yenilənmiş məzarının açılışı oldu. Azərbaycandan keçiriləcək mərasimə millət vəkili Qənirə Paşayeva, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Akif Aşırlı və mən qatılmışdım. Nuru Paşanın məzarı başında gənc bir müftü bildirdi ki, 67 il əvvəl dəfn olunan Nuru Paşaya o dövrdə cənazə namazı qılınmayıb, bu gün ona 67 il sonra cənazə namazı qılınacaq. Namaza arxa cərgədə yerimi almaq isdəyirdim ki, Qənirə xanımın əmredici baxışlarını gördüm; sanki “sıramızda, ön cərgədə yerini al!” – deyirdi. Haqq qazandırıram, hər birimiz elə bilirdik ki, bu məzarlıqda Nuru Paşanın ən yaxın qohum-əqrabası bizik. Biz, Bakıdan gəlmiş dörd insan. Nuru Paşanın xilas etdiyi insanların qalan nəvələri-nəticələri…

Həmin gün mənim üçün çox qiymətli bir gün olmuşdu. Nuru Paşanın məzarını ziyarətdən sonra Ənvər Paşanın nəvəsi Arzu xanım Ərdoğanla görüşmüşdük. Həmin görüşdə Arzu xanım Ənvər Paşanın şəxsi əşyası olan antik külqabısını Qənirə xanıma hədiyyə etdi. Qənirə xanım sanki düşüncələrimi oxuyurmuş kimi külqabını mənə uzadıb, “qardaş, toxuna bilərsən, – dedi, – Ənvər Paşanın şəxsi əşyasıdı”. Sonra bir qədər fikrə daldı və əlavə etdi: “Ənvər Paşanın bu əşyası mənim üçün çoxdur, – məndə qalmaqdansa, muzeyə təqdim edərəm”. Bu onun Türk dünyasına səmimiyyəti idi, Ənvər Paşaya olan böyük ehtiramı, sevgisiydi.

…Bir gün bu qədərmi dolu, həyəcanlı yaşanarmış.

Bu gözəl günü Qənirə xanım bitirmək istəmirdi. İsrarla Əli bəy Hüseynzadənin qızı 88 yaşlı Feyzavər Alpsar Turanı ziyarət etməmizi istəyirdi. İstanbulun dəhşətli tıxacında birtəhər Feyzavər xanıma yetişə bildik. Bu yaşlı, nurani, əsilzadə xanımın davranışı bir mənəvi zənginlik idi, ruhumuza verilən qida idi. Elə bilirdik bütün Azərbaycan Feyzavər xanımın bu üçgözlü evində cəmləşib. Elə bilirdik masanın üstündəki üçrəngli bayrağın eskizini Əli bəy Hüseynzadə elə indi çəkib, indi tamamlayıb.

Bir gün 24 saat olur. Qənirə xanım bizim bir günümüzün içərisinə bütün Türk Dünyasını, onun böyük övladları olan Əli Bəy Hüseynzadəni, Ənvər Paşanı, Nuru Paşanı, onların əziz xatirələrini sığıdıra bilmişdi. İndi o günün uzunluğuna, dop-dolu bir tutumuna baxıram: sanki Qənirə xanımın bir günündə 24 saat yox, 48 saat var idi.

Elə ömrü də elədir bəlkə. Yarım qalan 48 yaş yox, iki o qədər. Çünki 48 yaş gördüyü işlərin böyüklüyü yanında çox gənc qalır.

Teqlər: