“Qədim Şuşa” adlı rəsm sərgisi keçirilib (FOTO)

Aprelin 13-də Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası
Təhsil Nazirliyinin dəstəyi ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf
Mərkəzi və Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində
fəaliyyət göstərən «My Way» Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin
birgə təşkilatçılığı ilə «Qədim Şuşa» adlı rəsm sərgisi
keçirilib.

“Gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin «Qədim Şuşa» adlı
rəsm sərgisinə həsr etdikləri rəsmlərə baxış keçirildikdən sonra
Mərkəzin direktoru Günel Anarqızı sərginin əhəmiyyətindən bəhs
edib. Bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın
öz sahibinə qovuşmasının sevincini yaşayır. Qarabağın tacı, bütün
Türk dünyasının mədəniyyət paytaxtı Şuşamızın əvvəlki şan-şöhrəti
özünə qayıdıb. “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri
ənənəsi bərpa edilib. Şuşa müxtəlif tədbirlərə ev sahibliyi ilə
dünyanın diqqətini bir daha özünə çəkir. Dövlət başçısı İlham
Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə «Şuşa İli» elan
edilməsi Azərbaycanın döyünən ürəyinin təqdimatında əhəmiyyətli rol
oynayacaq. Hər daşı, qayası bir tarix olan Şuşa bu il çərçivəsində
daha da dirçələcək, cənnət məkana çevriləcək.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə
Musayeva xalqımızın yenilməzliyindən, məğrurluğundan, tarixinə
sahib çıxmasından bəhs edib. Vurğulayıb ki, Azərbaycana hər zaman
qələbə yaraşır. Bu gün Şuşamız, Azərbaycanın işğaldan azad olunan
bütün torpaqları sevinclidir. Böyük Qayıdış bu gün qarşımızda
dayanan əsas vəzifədir. Qarabağın tacının uşaqların düşüncələri
əsasında, rənglərin dili ilə çatdırılması, rəsmlərdə özünün
ifadəsini tapması bir daha torpaq, Vətən sevgisini ortaya
qoyur.

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən «My Way»
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Alyona Bədəlova
tarixi Zəfərimizin dünyanın hər bir ölkəsində böyük sevinclə
qarşılandığını, qürur hissi ilə qeyd olunduğunu bildirib. Belə
tədbirlərin təşkilində birgə təşkilatçılıq göstərməklə Şuşanın
təbliğinə öz töhfəmizi verir, 30 ilə yaxın düşmən tapdağı altında
qalan musiqi beşiyinin füsunkar gözəlliyinin rəsmlər vasitəsilə
təbliğindən xoş hisslər keçiririk.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı
Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən
söylədiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni
dirçəldəcəyik!» fikirlərini önə çəkərək bir ildən artıq dövrdə
Şuşanın əvvəlki şan-şöhrətinin özünə qaytarılması istiqamətində
görülən işlərdən bəhs edib: «Bu gün Şuşa müxtəlif tədbirlərə ev
sahibliyi etməklə dünyanın diqqətini özünə yönəldir. Bu günlərdə
Şuşa Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü illiyi ilə bağlı
tədbirə ev sahibliyi etdi. Qarabağın tacı ötən il iyunun 15-də
Milli Qurtuluş Günündə Azərbaycanla Türkiyənin müttəfiqliyini
təsdiqləyən Bəyannamənin imzalanmasına şahidlik edib. Şuşada tarixi
Zəfərimizdən sonra ilk Novruz tonqalı alovlandırılıb. Şuşaya Zəfər
yolu çəkilib. Gələn ay mədəniyyət paytaxtımızda «Xarıbülbül» musiqi
festivalı ənənəsinin bərpasına uyğun olaraq növbəti tədbir
keçiriləcək. Şuşa Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin
Sərəncamı ilə mədəniyyət paytaxtımız elan edildi. Bu günlərdə
TÜRKSOY Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı
elan etdi. Bu sıralamanı xeyli sayda davam etdirə bilərik. Şuşanın
bu gözəlliyinin, tarixinin, qədimliyinin rəsm əsərlərində tərənnüm
edilməsi qürurvericidir.”

«Bugünkü tədbir mənəvi dünyamızı daha da zənginləşdirdi»
söyləyən Vüqar Rəhimzadə sərgidə yaradıcılıq nümunələri nümayiş
etdirilən gənc rəssamları təbrik edib. Qeyd edib ki, Qarabağın tacı
olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər
bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli
İbrahimov dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli”
elan edilən 2022-ci il çərçivəsində keçiriləcək tədbirlərin, rəsm
sərgilərinin Qarabağın tacının təqdimatına böyük töhfə olacağını
bildirib. Vurğulayıb ki, “Gənc tərtibatçı rəssamlar” dərnəyi
üzvlərinin rənglərin dili ilə Şuşanın gözəlliyini tərənnüm etmələri
böyük xoşbəxtlikdir. Gənc rəssamlara minnətdarlığımızı bildirir,
onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

A.İbrahimov qeyd edib ki, “Şuşa İli” ilə bağlı imzalanan
Sərəncamda da qeyd olunduğu kimi, bənzərsiz tarixi görkəmini və
formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər
yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai
fikir salnaməmizə parlaq səhifələr yazmışdır: “Tarixi Zəfərimizdən,
Şuşa Zəfərindən sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı,
tarix və mədəniyyət abidələrinin bərpasına da başlanıldı. Cıdır
düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm
məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin
bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun
mədəni həyatına qovuşmaq yolundadır. Rəssamlarımız bu yolu
rənglərin dili ilə təqdim edirlər.”

Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri
İradə Axundova sərginin əhəmiyyətindən, Azərbaycanın döyünən ürəyi
olan Şuşanın tarixindən, qədimliyindən bəhs edib. Bildirib ki, bu
gün hər birimiz qürurluyuq. Azərbaycan xalqı tarixi Zəfəri ilə
yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Tezliklə
Şuşa tam bərpa olunaraq turistlərin üz tutduğu ünvana çevriləcək.
Mədəniyyət paytaxtımızın gözəlliyini seyr etmək, onun tariximizə
şahidlik edən hər daşı, qayası ilə ünsiyyətdə olub, onları
rəsmlərin dili ilə insanlara çatdırmaq böyük şərəf və
məsuliyyətdir. Şuşa hər bir azərbaycanlı üçün əzizdir. Dünyaya səs
salan, dastana çevrilən “Şuşa əməliyyatı”da bu qədim şəhərin
önəmini nümayiş etdirir.

Tədbirdə çıxış edənlər tarixi Zəfərimizin təbliğində Azərbaycan
diasporunun rolunu yüksək dəyərləndiriblər. İstər 44 günlük İkinci
Qarabağ müharibəsinin davam etdiyi, istərsə də postmüharibə
dövrünün reallıqlarının təbliğində bu birliyin, həmrəyliyin şahidi
olduq.

Sonda “Təbəssüm” rəqs qrupu “Qarabağ” rəqsini ifa edib. Sərginin
iştirakçıları diplomlarla mükafatlandırılıblar.

Teqlər: