Türkiyə Qazaxıstanla birlikdə Xəzərdən keçən Birgə Nəqliyyat Dəhlizini inkişaf etdirməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Astanada Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə Qazaxıstan iqtisadiyyatının şaxələndirilməsində fəal iştirak edir:
“Ötən ilin yekunlarına görə, ölkələrimiz arasında ticarət dövriyyəsi 5 milyard dolları ötüb. Ortamüddətli perspektivdə bu rəqəmi 10 milyard dollara çatdırmağı planlaşdırırıq. Hər şey plan üzrə gedir”.
Onun sözlərinə görə, nəqliyyat və logistika sektorunda əməkdaşlıq iki ölkəyə orta müddətli hədəflərə nail olmağa imkan verir:
“Biz Qazaxıstana investisiyaları 4,13 milyard dollara çatdırmışıq. Türkiyə digər ölkələrdən fərqli olaraq təkcə enerji sənayesinə diqqət yetirmir, həm də Qazaxıstan iqtisadiyyatının şaxələndirilməsinə və məşğulluğun artırılmasına kömək edir. Əminəm ki, iş yerlərinin açılmasına daha çox töhfə vermək istəyən şirkətlərimizə dəstək olacaqsınız”.