Qazaxıstan və Qırğızıstanda Debat Çempionatları keçirilib (FOTO)

İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional
Mərkəzinin (İƏT Gənclər Forumu ARM) təşkilati dəstəyi ilə
Qazaxıstan və Qırğızıstanda növbəti Debat çempionatları
keçirilib.

Qeyd etmək lazımdır ki, İƏT məkanında gənclərin intellektual
səviyyəsinin və liderlik bacarıqlarının artırılması məqsədi daşıyan
bu beynəlxalq layihə ilk olaraq ölkələr üzrə milli mərhələdə
keçirilir, daha sonra hər ölkədən qalib olmuş komandaların iştirakı
ilə beynəlxalq yarış baş tutur. İƏGF-ARM-nin təşəbbüsü ilə bu
layihə milli səviyyədə ilk dəfə bu ilin fevral ayında Azərbaycanda
keçirilib. Azərbaycanda qazanılmış təcrübə əsasında növbəti aylarda
bu yarışlar digər ölkələrdə də İƏGF ARM tərəfindən təşkil olunması
qərara alınıb.

Qazaxıstanda “Amanat” partiyasının gənclər qanadının
təşkilatçılığı ilə keçirilən çempionata (Amanat kuboku) 600 gənc
arasından seçilən 50-dən çox gənc iştirakçı qatılıb. Sözügedən
partiyanın gənclər qanadının sədri Nurlan Jetpisbayevin verdiyi
məlumata görə, debatlarda ölkədə konstitusiyaya ediləcək
dəyişikliklərlə bağlı keçiriləcək referendum, dövlət simvollarının
əhəmiyyəti, yeni yaradılan regionların iqtisadi inkişafı və başqa
problemlər müzakirə olunub. Debat çempionatının qalibləri seçilmiş
Pavlodar vilayətindən “Gənc tədqiqatçılar”, Almatını təmsil edən
“Kunayev” təşkilatı 6 ölkənin iştirakı ilə keçiriləcək Beynəlxalq
Debat Turunda Qazaxıstanı təmsil edəcəklər.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən Yusuf
Balasuqunlu adına Qırğızıstan Milli universitetində İƏT Gənclər
Forumu ARM və Birləşmiş Gənclər Hərəkatının həmtəşkilatçıları
olduğu, eləcə də ölkənin Mədəniyyət, İnformasiya, İdman və Gənclər
Siyasəti Nazirliyi və Qırğızıstan Gənclər Konqresinin informasiya
dəstəyi ilə Debat çempionatı (YNTYMAK kuboku) keçirilib.
Qırğızıstan Gənclər Konqresinin rəhbəri Askar Şaykidinov proqramın
əsas məqsəd və vəzifələri haqda məlumat verərək, iştirakçılara
uğurlar, eləcə də tədbirin kreativ və maraqlı keçməsini arzulayıb.
Britaniya parlamenti modelində keçirilən Debat çempionatında
ölkənin iqtisadi inkişafı, ətraf mühit, informasiya
texnologiyaları, regional təhlükəsizlik, süni intellekt və başqa
aktual xarakter kəsb edən mövzular müzakirə edilib. 72 gənc
debatçının və 36 komandanın qatıldığı bu tədbirdə 3 finalçı müəyyən
edilərək pul mükafatı, kubok və sertifikatlarla təltif
ediliblər.

Qeyd etmək lazımdır ki, hər iki tədbirin açılış mərasimində İƏT
Gənclər Forumu ARM adından təbrik nitqləri ilə çıxış edən Mərkəzin
Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov, Akerke
İsgəndərova, Səid Omanov və Nicat Səfərov iştirakçılara uğurlar
arzu edərək, debat çempionatlarının davamlı olmasının vacibliyini
bildiriblər.

Teqlər: