Qazaxıstan Azərbaycanın iri ticarət şəbəkələrinin nümayəndələri və distribütorları Qazaxıstan məhsullarının Ticarət-İqtisadi Missiyasında iştiraka dəvət edir

6-8 iyun 2022-ci il tarixlərində Bakı şəhərində Qazaxıstan
istehsalçılarının və xidmət təminatçılarının təmsil olunduğu
Qazaxıstan Ticarət-İqtisadi Missiyası (TİM) baş tutacaq. Bu
missiyanın məqsədi Azərbaycanla Qazaxıstan arasında qida
məhsulları, yüngül sənaye, neft-mədən xidmətləri, o cümlədən
avtonəqliyyat, metal prokat və məişət kimyası kimi sənaye
sahələrində ticarət əməkdaşlığının genişləndirilməsindən ibarətdir.
Tədbir Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyi,
“QazTrade” SC, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyi
və Azərbaycanda “Qazaxıstan Ticarət Evinin” dəstəyi ilə
keçiriləcək.

İkitərəfli ticarət əməkdaşlığının perspektivləri son zamanlar
geniş vüsət almaqdadır. Bu mərhələdə Qazaxıstandan Azərbaycana
qeyri-xammal ixracının prioritet istiqamətləri qida məhsulları və
maşınqayırma sənayesi məhsullarıdır. Belə ki, PwC Azərbaycan
nümayəndələrinin şərhlərinə əsasən, qlobal iqtisadi gündəmdəki
kəskin dəyişikliklər və bunun nəticəsində taxıl və digər
məhsulların ixracının məhdudlaşdırılması tendensiyaları, Azərbaycan
bazarında qida məhsullarına olan tələbatın artması ehtimalını
yaradır.

TİM tədbirlərinin əksəriyyəti hər iki ölkənin sahibkarları
arasında B2B danışıqlar formatında keçiriləcək ki, bu da
Azərbaycanda fəaliyyət göstərən müəssisələrə Qazaxıstan
məhsullarının üstünlükləri haqqında ətraflı məlumat əldə etməyə və
işgüzar əməkdaşlıq və gələcək təchizatlar barədə razılığa gəlməyə
imkan verəcək.

Qazaxıstan nümayəndə heyətinə “QazTrade” SC tərəfindən həyata
keçirilən “İxracın Sürətləndirilməsi Proqramında” iştirak edən
şirkətlər daxildir. Artıq üçüncü ildir ki, Proqram Azərbaycan
bazarı daxil olmaqla, Qazaxıstan ixracatçıları üçün geniş yayılmış
dövlət dəstəyi vasitələrindən biridir. İştirakçılar arasında
Qazaxıstanın İT və tikinti sektorunun nümayəndələri, ət-süd, un və
qənnadı məmulatları istehsalçıları və metal konstruksiyalar
istehsalı şirkətləri yer alır

Ticarət-İqtisadi missiyanın keçirilməsi nəticəsində iki ölkə
arasında uzunmüddətli işgüzar əlaqələrin qurulması, o cümlədən
Qazaxıstan məhsullarının azərbaycanlı tərəfdaşlara tədarükü üçün
müqavilələrin imzalanması gözlənilir.

Bu tədbirə maraq göstərən Azərbaycan biznes nümayəndələrini
TİM-də iştirak etməyə dəvət edirik. Tədbir “Fairmont Baku” otelində
baş tutacaq. Giriş sərbəstdir.