Qazax-Britaniya Texniki Universitetinin rektoru Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov
Qazax-Britaniya Texniki Universitetinin (KBTU) rektoru, professor
Maratbek Qabdullin və KBTU-nun inkişaf elmləri üzrə professoru
Çokan Laumulin ilə görüşüb. Görüşdə BANM-in professor-müəllim
heyəti və iki universitet arasında əməkdaşlıq çərçivəsində Ali
Məktəbdə təhsillərini davam etdirən qazaxıstanlı tələbələr də
iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları
Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Rektor
BANM-in nailiyyətləri, beynəlxalq əlaqələri və tədris prosesinin
təşkili, yenilikləri haqqında məlumat verib. Elmar Qasımov bildirib
ki, həmkarı Maratbek Qabdullinin Ali Məktəbi ziyarət etməsi BANM və
KBTU arasında əməkdaşlığın genişlənməsinə daha bir təkan
olacaq.

BANM-in rektoru qazaxıstanlı tələbələrin rəhbərlik etdiyi Ali
Məktəbdə təhsil almalarını yüksək qiymətləndirib və bu mübadilə
proqramının davam edəcəyini vurğulayıb.

Qonaqpərvərliyə görə Bakı Ali Neft Məktəbinin rektoruna təşəkkür
edən Maratbek Qabdullin BANM-in kampusu ilə tanış olduğunu və
burada tələbələrin peşəkar kadr kimi yetişmələri üçün yaradılan
şəraiti nümunəvi adlandırıb. O, BANM-i 10 illik yubileyi
münasibətilə təbrik edib və uğurlar arzulayıb.

BANM-lə əməkdaşlıqdan məmnun olduqlarını bildirən KBTU-nun
rektoru rəhbərlik etdiyi ali məktıb haqqında məlumat verərək
bildirib ki, Universitet Qazaxıstan Respublikası Hökumətinin
2001-ci il tarixli Fərmanı ilə Qazaxıstan Təhsil və Elm Nazirliyi
ilə “British Council” arasında Anlaşma Memorandumuna əsasən
yaradılıb. Ali məktəbin əsasən neft-qaz sahəsi üzrıə
ixtisaslaşdığını vurğulayan Maratbek Qabdullin qeyd edib ki, BANM
və KBTU arasında tələbə-mübadilə proqramları uğurla davam edir. O,
azərbaycanlı tələbələrin də rəhbərlik etdiyi universitetdə təhsil
almalarını arzulayıb və BANM-lə təhsil və tədris sahəsində
əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını vurğulayıb.

Görüş professor – müəllim heyəti və tələbələrin gələcək
əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib. Sonda
BANM-in rektoru Elmar Qasımov Maratbek Qabdullinə “Fəxri qonaq”
plaketi təqdim edib.

Xatırladaq ki, BANM və KBTU arasında əməkdaşlıq 2018-ci ildə
imzalanmış əməkdaşlıq haqqında memorandum əsasında başlanıb. Bu
əməkdaşlıq nəticəsində mübadilə proqramı əsasında 2019/2020-ci
tədris ilinin payız semestri ərzində 3 tələbə, 2019/2020-ci tədris
ilinin yaz semestri ərzində tələbələr 1 tələbə bakalavriat
səviyyəsində Neft-qaz mühəndisliyi ixtisası üzrə BANM-də təhsil
alıb. İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi nəticəsində
2021/2022-ci ilin yaz semestrində daha 11 tələbə Neft-qaz
mühəndisliyi ixtisası üzrə Ali Məktəbdə təhsillərini davam
etdirir.

Teqlər: