Fevralın 15-17-də Milli Gimnastika Arenasında Beynəlxalq
Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki
Komitəsinin üzvü Dmitri Poliaruşun rəhbərliyi altında Azərbaycan
Gimnastika Federasiyasının tədris proqramına əsasən batut
gimnastikası üzrə 1-ci səviyyə üçün (5-7 yaşlı gimanstlarla çalışan
məşqçilər üçün) məşqçilik kursları keçirilib. Azərbaycan Gimnastika
Federasiyasının mətbuat xidməti Olimpiya məşqçisi, iki Olimpiya
Oyunlarının iştirakçısı, batut üzrə 6 qat dünya çempionu, 7 qat
Avropa çempionu, 20 qat Dünya Kubokunun qalibi olmuş belaruslu
mütəxəssisdən müsahibə alıb. Trend müsahibəni təqdim edir.
– Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa
paytaxtımızda batut üzrə keçirilən məşqçilik kursları barədə
ətraflı məlumat verərdiniz.
– Bakıya tədris kursları keçmək üçün dəvət olunmuşam. Düşünürəm
ki, bu, Azərbaycan Gimnastika Federasiyası tərəfindən həyata
keçirilən gözəl təşəbbüsüdür. Bu kurslar məşqçilərin
yetişdirilməsinə imkan yaradacaq. Təbii ki, həmçinin ölkədə batut
gimnastikasının inkişafına kömək edəcək. Ümid edirəm ki, kurs
iştirakçıları buradan razı halda gedəcəklər. Ümid edirəm ki. onlar
əldə etdikləri bilik və bacarıqları Azərbaycanda batut
gimnastikasının inkişaf etdirilməsi üçün istifadə edəcəklər.
Beynəlxalq federasiyanın nümayəndəsi kimi dünyada batut
gimnastikasının inkişafı ilə bağlı fikirlərinizi bilmək
istərdik.
Batut dünyanın 50-dən çox ölkəsində inkişaf etdirilir. Olimpiya
idman növü kimi 2000-ci ildən etibarən Sidney Olimpiadasının
proqramında yer alıb. Dünyada batutla məşğul olanların sayı
şübhəsiz ki, günü-gündən artır. Bütün qitələrdə inkişaf var, Afrika
qitəsi də daxil olmaqla. Sözsüz ki, 90-cı illərlə müqayisə etsək,
böyük inkişaf hiss olunur. Əlbəttə ki, bu növ dünyada daha çox
populyarlıq qazanıb. Məşqçilər, mütəxəssislərin də sayı artıb ki,
bu da dünyada batut idmanının inkişafına öz təsirini göstərir.
– Azərbaycanda batut gimnastikasının inkişafını necə
dəyərləndirirsiniz?
– Azərbaycanda batut gimnastikası yeni inkişaf edən idman
növüdür. Biz burada batut gimnastikasının ildən-ilə daha da inkişaf
etməsinin şahidi oluruq. Əldə olunan nəticələrə əsasən biz bunu
deyə bilərik. Bugünlərdə başa çatan Dünya kubokunu nümunə göstərə
bilərik. Azərbaycanın qadınlar arasında təmsilçisi ikinci yerə
layiq görüldü. Bu, batut gimnastikası üzrə Dünya kubokları
tarixində qadınlar arasında qazanılan ilk medaldır. Bu, əlbəttə ki,
əla nəticədir. Qazanılan nəticə Azərbaycanda batut gimnastikasının
inkişafının göstəricisidir. Bu, həmçinin federasiyanın bu idman
növü ilə bağlı gördüyü uğurlu işlərlə bağlıdır. Uğurlu nəticələr
qazanılırsa, bu o deməkdir ki, hər şey yaxşı gedir, bu sahədə
irəliləyiş var. Ümid edirəm ki, Azərbaycan 2024-cü il üçün Olimpiya
Oyunlarına vəsiqə əldə edəcək və Olimpiadada iştirak edəcək.
– Azərbaycanla bağlı təəssüratlarınızı bilmək
istərdik.
– Mən demək olar ki, bura hər il gəlirəm. Mən Azərbaycanın,
Azərbaycan isə mənim dostumdur. Mən bura səfər etməyi çox
xoşlayıram. Burada hər şey gözəldir, insanlar qonaqpərvərdirlər,
bütün insanlar xoş, mehriban və eyni zamanda, çox çalışqandırlar.
Bu, məni çox heyrətləndirir. Hətta federasiyada olanda şahidi
olursan ki, onlarla insan günlərlə dayanmadan işləyir. Eləcə də
zala daxil olduqda məşqçilərin uşaqlarla fasiləsiz işlədiklərini
görürəm. Əlbəttə ki, bütün bunlar insanda xoş təəssüratlar yaradır.
Demək istəyirəm ki, təkcə Bakı şəhərinə gəlmək deyil, həmçinin
federasiyanın uğurlu işinə baxmaq mənim üçün həmişə xoş olub. Necə
deyərlər, nəticələr özü danışır və təkcə batut gimnastikasında
deyil.
– Yüksək titullara malik idmançı kimi gənc batutçulara
nəyi tövsiyə edərdiniz?
– Məsləhətim odur ki, hər şeydən əvvəl, məşğul olduqları işi
sevsinlər, ondan həzz almağı bacarsınlar. Əks halda, uğurlu nəticə
qazana bilməzlər.