Qaz vacib resursdur və gələcəkdə də çox istifadə olunacaq – Energetika naziri

Xəbər - Humay Ağacanova-Trend:

Neft əsas enerji mənbəyi olub, qaz isə vacib resursdur və gələcəkdə çox istifadə olunacaq.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxışı zamanı deyib.

“Biz bu enerji resursundan imtina iqtidarında deyilik. Balansı tapmalıyıq, hər bir ölkə müxtəlif inkişaf mərhələsindəsir, biz bir ssenarini bütün ölkələrə şamil edə bilmərik. Çoxtərəfli səylər göstərilməlidi ki, bütün ölkələr yardımdan faydalansın. Enerji keçidi, böhran yaratmamalıdır” – deyə nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

Teqlər: