Qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb – Agentlik

Xəbər - İlhamə İsabalayeva – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sığınacaq mərkəzi yalnız qarlı havada deyil, ilin bütün fəsillərində bütün sutka ərzində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov AzerTimes-a bildirib ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən həmin sığınacaq mərkəzində 66 nəfər məskunlaşıb. Onların 11-nin yaşı 18-dək, 55-nin yaşı 18-dən çoxdur.

M.Həşimov əlavə edib ki, qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb:

“Yalnız son iki gün ərzində sığınacağa 5 nəfər gətirilib. İki nəfərin isə gətirilməsi gözlənilir”.

Agentlik rəsmisi qeyd edib ki, sığınacağa yerləşən şəxslər burada 6 ay qala bilərlər:

“Lakin bu, o demək deyil ki, hava qarlı olarsa və 6 ay tamam olarsa, onlar həmin sığınacağı tərk etməlidirlər. Bu halda onlara daha bir müddət sığınacaqda qalmasına icazə verilir”.

M.Həşimov sığınacağa yerləşən şəxslərin məşğulluq imkanlarının araşdırıldığını da söyləyib.

Teqlər: