Xəbər - Humay Ağacanova – Trend:
2022-ci il ərzində Mədəniyyət Nazirliyi müxtəlif mövzulu və
metrajlı filmlərin istehsalı ilə bağlı müsabiqələr elan edəcək. Bu
müsabiqələr nəticəsində qalib olan layihələrin animasiya və Qarabağ
mövzusunda olacağı da istisna deyil.
Bu barədə AzerTimes-ın sorğusuna
cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, ötən il müsabiqədə seçilən 11 film layihəsinin
istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.
“Bu 11 filmdən 2-i animasiya filmidir. Qeyd edək ki, bu
filmlərdən biri “Qarabağ nağılı”, digəri isə “Tarix” adlanır. “Qarabağ nağılı” adlı layihə “Birlik” studiyasının istehsalıdır.
Filmin rejissoru və ssenari müəllifi Firəngiz Qurbanovadır. Film
zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına
xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır.
“Tarix” filminin rejissoru Ceyhun Türksoy, ssenari müəllifi
Orxan Behbiddir. Film “OB film” studiyasının istehsalıdır. Film
Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın
üstündən qürurla xətt çəkən balaca oğlan haqqındadır.
Hər iki film bu ilin ilk yarısında təhvil veriləcək, daha sonra
isə azyaşlı tamaşaçılara təqdim olunacaq”, – deyə əlavə edilib.