Qarabağın sürətli bərpası Azərbaycanın qüdrətini nümayiş etdirir – Sahil Kərimli

Bu gün Qarabağda aparılan yenidənqurma və bərpa işləri haqlı
olaraq hər bir azərbaycanlını sevindirir, vətəndaşlarımızda qürur
hissi yaradır. Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdikdən
dərhal sonra azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayıb və
bu proses hazırda da geniş miqyasda davam edir. Bütün bunlar
əlbəttə ki, böyük siyasi iradə, qətiyyət və iqtisadi güc tələb
edir.

Bunu Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli deyib.

O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
birbaşa rəhbərliyi və ciddi nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzur
sıfırdan qurulur. İşğalçı Ermənistanın yerlə yeksan etdiyi,
xarabalığa çevirdiyi, yer üzündən sildiyi şəhərlər, kəndlər,
qəsəbələr yenidən tikilir.

“Azad edilmiş ərazilərdə ən müasir infrastruktur yaradılır, hava
limanları, elektrik stansiyaları inşa edilir. Yüz kilometrlərlə
yollar, su, işıq, qaz və digər kommunikasiya xətləri çəkilir.
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın
Ağdama sonuncu səfəri zamanı açılan və təməli qoyulan onlarla yeni
infrastruktur obyektlərinin əhəmiyyəti böyükdür”, – deyə o
bildirib.

S.Kərimli həmçinin qeyd edib ki, hazırda regionda, ümumilikdə
dünyada iqtisadi təlatümlər baş verir, yeni münaqişə ocaqları
yaranır, geosiyasi gərginliklər durmadan artır, amma belə bir
həssas və çətin vəziyyətdə Azərbaycan bölgədə yeni reallıqlar diqtə
edir və nəhəng layihələr üzərində işləyir. Azərbaycan Prezidentinin
bu hədəfləri gələcək onilliklərdə ölkəmizin daha da güclənməsinə,
xaqlımızın milli maraqlarının qorunmasına hesablanıb.

S.Kərimli bildirib ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi
bu layihələr həqiqətən heyrətamizdir və bütün dünyanın diqqət
mərkəzindədir:

“Prezident İlham Əliyevin müəllifi olduğu nəhəng layihələr
dünyaya iqtisadi-siyasi gücümüzü nümayiş etdirir. Biz bir daha
sübut edirik ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. İşğaldan
azad edilən torpaqlar tarixi Azərbaycan əraziləridir və xalqımız öz
ata-baba yurduna sahib çıxır. Bu ərazilər ən müasir formada inşa
ediləcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar”.

S.Kərimli əlavə edib ki, bərpa prosesində Heydər Əliyev Fondunun
da fəaliyyətini xüsusi vurğulmaq lazımdır.

“Azad edilən ərazilərdə dağıdılmış tarixi, dini-mədəni
abidələrin yenidən bərpası və təmiri prosesi də eyni templə
aparılır və xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxılır.
Bütün bunlar vətəndaşlarımız tərəfindən böyük məmnunluqla
qarşılanır”, – deyə S.Kərimli əlavə edib.

Teqlər: