Qarabağda nə qədər erməni yaşayır? – Saxtakarlıq artır

Qarabağda nə qədər erməni yaşayır? – Saxtakarlıq artır

Şuşa-Xankəndi yolunda aksiya başlayandan sonra Ermənistan rəsmiləri və diasporu bunu “humanitar fəlakət” kimi dünyaya təqdim etmək yönündə ciddi fəaliyyətə girişib. Hər vəchlə aksiyanın məqsədini dəyişdirməyə, bunun ekoloji terrora deyil, erməni icmasına qarşı olduğu yalanını ifadə etməyə çalışırlar.

“Humanitar fəlakət”in həcmini böyütmək üçün isə guya yolun bağlandığı, 120 min erməninin ağır durumda olduğunu bildirirlər.

Əvvəla, Şuşa-Laçın yolunda aksiya keçirənlər humanitar yüklər üçün heç bir maneənin olmadığını artıq sübut ediblər: hər gün aksiyaçılar geri çəkilərək, rus sülhməramlıların humanitar karvanına yol açır.

İkincisi, aksiyada iştirak edən və yaxud Bakıda olan vətəndaş cəmiyyəti institutunun fəalları Qarabağda yerləşən erməni icmasına açıq müraciət ediblər – onlar istənilən humanitar yardıma hazır olduqlarını bildirirlər.

Üçüncüsü, Xankəndiyə gedən hansı yolda məhdudiyyət var? Yalnız Ermənistandan gələn Laçın yolunda. Cəmi 4 gündür bu yola məhdudiyyət tətbiq edilib, Ermənistan rəsmiləri bütün dünyaya car çəkir ki, Xankəndi və ətrafındakı ermənilər qırılır, acından ölür, dərmanları-zadı yoxdur.

Başa düşmürəm: Xankəndi və ətraf ərazilər Ermənistanın bir əyalətidir, yoxsa hansısa rayonudur? Xankəndiyə çörək də hər gün İrəvandan bişirilib gətirilir ki, cəmi 4 gün müddətində gediş-gəliş məhdudlaşdığına görə “humanitar faciə” yaşanır?

Ümumiyyətlə, Ermənistan nə vaxta qədər Azərbaycanın qanuni ərazisində yerləşən icmanı təbəəsi saymalı, Azərbaycanın içində yerləşən icma isə bütün əlaqələrini Ermənistanla qurmalı, çörəyini-suyunu hər gün ordan gətirməli, qazını ordan almalıdır? Niyə Qarabağda yaşayan erməni icmasının aylıq maaşını, pensiyası, təqaüdünü Ermənistan verməlidir? Ermənistan niyə öz əyalətlərində səfalət içində yaşayanların dərdini çəkmir, ancaq Qarabağda məskunlaşan bir ovuc erməninin bütün kommunal xərclərini ödəyir?

Qarabağdakı ermənilər ayaqlarını uzadıb, İrəvandan səhər tezdən çörəyin bişib gəlməsini gözləyirlər?

Dördüncüsü, hətta bir ölkə daxilində qar yağması və yaxud selin gəlib körpünü uçurması nəticəsində bir və ya bir neçə rayonla bəzən həftələrlə əlaqə kəsilir. Bu o deməkdir ki, həmin rayondakılar qırılıb-batır?

Sistemə baxın: Ermənistan bir ovuc ermənini Xankəndidə yaşamağa məcbur etmək üçün çörəyini-suyunu verir, elektriklə, qazla pulsuz təmin edir, burdakı separatçılar da Azərbaycanın meşələrini qırır, yeraltı-yerüstü sərvətlərini daşıyıb aparır, talan edir və qurudur? Və “dünya ictimaiyyəti” adı ilə təqdim edilən beynəlxalq güclər də buna şərait yaradır?

Beşincisi, Xankəndi və ətrafında 120 min erməninin məskunlaşması hardan çıxdı?

Dəqiq statistikaya baxaq: 2020-ci il 14 noyabrından başlayaraq, rus sülhməramlıları Qarabağa ermənilərin köçürülüb yerləşdirilməsi prosesinə başladı. Rusiya MN-in rəsmi məlumatına görə, Qarabağa 52 min 700 erməni yerləşdirildi.

Bunun ardınca isə erməni rəsmilər açıqlama verdi ki, bəzi erməni ailələr Qarabağda yaşamaq istəmir və onlar geri qayıdıblar, ancaq Ermənistanda olmalarına baxmayaraq, “əlavə dotasiya” istəyirlər. Yəni Ermənistan Qarabağa qaytarılan erməni üçün hər ay 130 dollar, Ermənistanda yerləşənlər üçünsə 65 dollar yardım ayırmışdı. Ermənilər isə Qarabağda “qeydə” düşüb, Ermənistanda yaşamaqla 65 yox, 130 dollar almağa girişmişdilər və buna qarşı Paşinyan hökuməti etirazını bildirdi, dəqiq qeydiyyat apardı və ermənilərin öz dövlətini aldatmasının qarşısını aldı.

Nəticədə, bu ilin sentyabr ayında Xankəndidəki separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan rəsmi açıqlama verərək bildirdi ki, hazırda Qarabağda ümumilikdə 35 minə yaxın erməni yaşayır.

Sentyabrda 35 minə yaxın yaşayırdı, Şuşa-Xankəndi yolu bağlanan kimi 120 min oldu?

Qarabağda sonuncu dəfə 149 min erməni 1989-cu ildə yaşayıb. Ondan sonra Ermənistanın apardığı işğalçı müharibə nəticəsində burdan köç başlayıb. 2020-ci il 27 sentyabrda Qarabağda artıq 60 min civarında erməni qalmışdı. Hətta işğal illərində erməni hüquq müdafiəçiləri özləri qeyd edirdilər ki, Köçəryan-Sərkisyan rejiminin siyasəti nəticəsində Ermənistan da, Qarabağ da boşalır.

Yada salaq ki, 1989-cu ildə Ermənistan əhalisi 3,5 milyon idi, hazırda bu rəqəm rəsmi olaraq 2,9, qeyri-rəsmi isə 2 milyon civarındadır.

İndi necə olur, rəsmi rəqəmlərlə Ermənistanda əhali sürətlə azalır, ancaq Qarabağda sentyabrdan dekabra qədər, cəmi 3 aya yaxın müddətdə 4 dəfə artıb?

Bu yalanların qarşısını almaq vacibdir və ilk növbədə də Arutyunyanın öz açıqlaması gözə soxulmalıdır.

Teqlər: