Qarabağda minatəmizləmə işlərində süni intellektdən istifadə edilir (FOTO)

Tərtər. Trend:

Dövlət prioritetlərinə və siyasətinə uyğun olaraq, “Böyük
Qayıdış” proqramının həyata keçirilməsi istiqamətində mina
təhlükəsinin aradan qaldırılması və əlverişli yaşam şəraitinin
yaradılması ilə əlaqədar fəaliyyət davam edir.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, Böyük Britaniyanın RPS
Energy Ltd. şirkəti tərəfindən süni intellektin proqram təminatı
vasitəsilə təhciz edilən dronlar, Qarabağda mina sahələrinin
tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Müvafiq razılaşma
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əldə
olunub.

ANAMA və RPS Energy Ltd. arasındakı razılaşmaya əsasən layihə
çərçivəsində keçən il ərzində süni intellektin istifadəsi ilə
Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min
hektar ərazi təhlil edilib.

Dronların üzərindəki geniş spektorlu (Multispectral), termal
(Thermographics) və yüksək dəqiqli (RGB) kameralar bir – birini
tamamlayaraq, ərazi üzrə məlumatların toplanılmasını təmin edir.
Əldə edilən məlumatlar xəritə üzərində emal edilir və təhlil edilən
ərazinin hansı növ partlayıcı qurğularla çirklənmə səviyyəsini
müəyyən etmə imkanı yaradır.

Münaqişə sonrası mərhələdə Qarabağda külli miqdarda mina və
PHS-lə yanaşı, yersəthi və yeraltındakı müharibənin digər təhlükəli
qalıqları da qeydə alınır. Süni intellekt texnologiyasının tətbiqi
vasitəsilə fərqli partlayıcı tərkibli və gövdəsi müxtəlif
materiallardan hazırlanan qurğuların eyni ərazidə (qarışıq mina
sahəsi) müəyyən edilməsini mümkün edir. Həmçinin, dronlar təhlil
edilən layihələrin təyinatı üzrə uçus trayektoriyasını icra etmək
qabiliyyətinə malikdir.

Qarabağda minatəmizləmə əməliyyatlarında istifadə edilən
dronların proqram təminatı ərazilərdə aşkar edilən yeni obyektlər
üzrə yaddaşın yenilənməsi imkanına malikdir. Həmçinin, süni
intellekt proqramı ərazilərin çirklənmə səviyyəsinə görə müxtəlif
təmizləmə metodologiyalarının tədbiqini təmin edir.

Mina Sahələrinin Havadan Tədqiqatı – RAMS (Remote Aerial
Minefield Survey) sistemi çirklənmiş ərazinin təhlükəsiz ərazidən
ayırd etmək imkanı verir. Tətbiq edilən sistem – Beynəlxalq
Minatəmizləmə Standartları əsasında Qeyri-Texniki Tədqiqat və
Texniki Tədqiqatın birləşməsini ehtiva edir.

İnnovativ texnologiyalar vasitəsilə uzaq məsafədən müəyyən
edilən ərazinin çirklənmə miqyasına dair məlumatların alınması,
təmizləmə əməliyyatlarının gedişatına müsbət töhfə verməsi
gözlənilir. Mina və partlamamış hərbi sursatlardan (PHS)
təmizlənməsi planlaşdırılan ərazi barədə məlumatlı olmaq – ANAMA
əməkdaşlarının təhlükəsizlik qaydalarını yüksək səviyyədə təmin
edəcəkdir. Əldə edilən nəticələrə uyğun olaraq sahə əməkdaşlarının
iş rejiminin təkmilləşdirilməsinə, eləcə də layihələrin icrasının
daha səmərəli göstəricilərinə nail olmaq imkanı verir.

Yüksək təhlükəli ərazilərin öncədən müəyyən edilməsi
minatəmizləmə resurslarının səmərəli istifadəsini təmin etməyə
yönəlib.

Teqlər: