İkinci Qarabağ savaşından sonra işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına qazandırmaq, sosial problemləri həll etmək, ölkə ərazisində əhalinin yaşam coğrafiyasını diversifikasiya etmək üçün unikal şans yaranıb. İşğaldan azad edilən bölgələrimizdə yaxın 10-15 ildə 1 milyondan çox vətəndaşımızın yaşaması üçün şəraitin yaradılması həm də ölkənin təhlükəsizliyi üçün vacibdir. Əhalinin köçməsi və yaşaması üçün isə təhlükəsizliklə bağlı problemlərin həlli, infrastrukturun qurulması ilə yanaşı, iqtisadi fürsətlərin yaranması da ən vacib amildir. Bu gün bütün iqtisadi fürsətlər, sosial infrastruktur Bakı və Abşeron yarmadasına cəmləndiyindən paytaxt artıq yaşanmaz hala gəlib.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, hökumətin indiki yanaşması ilə işğaldan azad edilmiş torpaqların iqtisadi və sosial inteqrasiyası mümkünsüzdür:
“2021-2022-ci illərdə həmin bölgələrə büdcədən 5,2 mlrd. manat vəsait ayrılıb, 2023-cü ildə də 3 mlrd. manat ayrılacaq – yəni, gələn ili də saysaq, artıq 8,2 mlrd. manat ayrılıb, amma o bölgələrə hələ heç 800 insan da köçməyib. Deməli, tək büdcə hesabına həmin torpaqların bərpası və insanların ora köçməsi mümkün deyil, ona görə də iqtisadi fürsətlərin yaradılması, cəlbediciliyin artması üçün qeyri-standart qərarların alınması vacibdir.
Haşiyə: Gürcüstanda mərc oyunları və kazinolar 2000-ci illərin əvvəlindən qanuniləşdi. Son məlumatlara görə 2020-2021-ci illərdə (hələ pandemiya illəri olduğunu da nəzərə alaq) Gürcüstanda mərc oyunları və kazinoların (onlayn və oflayn) dövriyyəsi 32 mlrd. lari (təqribən 10 mlrd. dollar) olub, bu sahədə 10 min Gürcüstan vətəndaşı daimi və yüksək maaşlı işlə təmin olunub, büdcəyə sırf birbaşa (dolayı daxilolmalar da var, məsələn, maaşlardan, bu sahəyə qulluq edən digər sahələrdən) vergi kimi 175 mln. dollara yaxın vəsait daxil olub. İki gün öncə Ermənistanda da İrəvan şəhərində kazinoların açılmasına icazə verilməsi ilə bağlı qanun layihəsi parlamentə daxil olub.
Azərbaycanda işğaldan azad edilən şəhərlərə köçü stimullaşdırmaq, orada iqtisadi fürsətlərin artmasına nail olmaq və özəl kapitalı, investorları cəlb etmək üçün qeyri-standart qərarların alınmasına ehtiyac var. İşğaldan azad edilən şəhərlərin birini “Cənubi Qafqazın Las-Veqası”na, başqa birini isə bölgənin “Disneylend”inə çevirmək lazımdır. Füzuli və Zəngilan Hava Limanları bu işdə çox önəmli rol oynaya bilər, həmin aeroportuları məntiqlə, ağılla idarəetməyə nail olsaq, ora “lou-kost” hava şirkətlərini cəlb etsək, bu ideyanın həyata keçirilməsinə çox kömək olar. İki ayrıca əyləncə şəhərinin yaranması ora əhalinin könüllü köçməsinə də şərait yaradacaq. Bundan başqa, İranın, Türkiyənın, gələcəkdə isə Ermənistanın həmin şəhərlərə avtomobil və yerüstü nəqliyyatla cəmi bir neçə saatlıq məsafədə yerləşməsi isə həmin ölkələrdən milyonlarla turist axınını təmin edə bilər ki, bu da yan sahələrin inkişafına təkan verəcək (bir tək turizm özü ilə bərabər 10-11 iqtisadi sahəni inkişaf etdirir).
Beləliklə, hökumət anlamalıdır ki, işğaldan azad edilən bölgələrin məskunlaşdırılması indiki mənasız yanaşma, reklam üçün tikilən “ağıllı kəndlərlə” və tək büdcə hesabına mümkün olmayacaq. Özəl, əsas da xarici kapitalı ora cəlb etmək üçün isə mütləq idarəetmə sistemi və məhkəmə islahatları da olmalıdır. Mərc və azart oyunları insanlıq tarixi yaranandan mövcud olub, qadağalarla bunun qarşısını almaq mümkün deyil, ağıllı hökumətlər həmişə qadağan edə bilmədiyini məntiqlə idarə etməyə çalışıb”.