Qarabağda işi “dayandıran” “Base” və separatçı hiyləsi…

Qarabağda işi “dayandıran” “Base” və separatçı hiyləsi…

Artıq xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkəti fəaliyyətini dayandırıb, daha doğrusu, dayandırmağa hazır olduğunu bildirib.

Bu gün rus sülhməramlıların himayəsində fəaliyyətini davam etdirən separatçı ünsürlər də bununla bağlı yaydıqları açıqlamada şirkətin fəaliyyətini dayandırmasından yox, “dayandırmağa hazır olmasından” bəhs edirlər. İddia edirlər ki, guya Qarabağda bütün təbii sərvətlərin istismarı “beynəlxalq standartlara uyğun” həyata keçirilir, ancaq “qonşu ölkənin” eko-fəallarının dünyanı “manipulyasiya etmək cəhdlərini” nəzərə alaraq, şirkətin fəaliyyətinin dayandırılmasına və əraziyə beynəlxalq monitorinq qrupunun gəlməsinə hazırdırlar.

Bu, yeni hiylə, tələ və oyundur.

Azərbaycan ekofəallarının başlatdığı aksiya ciddi reaksiyalar doğurur – çünki dünyada ekoloji vəziyyətlə bağlı həssaslıq kifayət qədər yüksəkdir və azərbaycanlıların aksiyası bu mənada ən doğru seçimdir.

Ermənistan aksiyanın qarşısının alınması üçün beynəlxalq müstəvidə real təzyiq imkanları əldə etmədiyindən, azərbaycanlı ekofəalların arqumentini əlindən almaq istəyir – “beynəlxalq monitorinq”dən bəhs etməklə. Məqsəd isə həm bölgəyə əlavə beynəlxalq missiyanın gəlməsinə şərait yaratmaq – Ermənistan bütün vasitələrdən istifadə edərək, beynəlxalq missiyaların bölgədə sayını artırmağa çalışır, – həm də ərazinin azərbaycanlı ekoloqların nəzarəti altına keçməsinin qarşısını almaqdır. Elə bir təəssürat yaradır ki, guya Azərbaycanın təbii sərvətləri “qanuni olaraq” istismar edilir, problem yalnız və yalnız ekolojidir.

Halbuki Rusiya sülhməramlılarının məsuliyyət zonasında təbii sərvətlərin istismarı ilə bağlı bütün fəaliyyətlər qanunsuzdur. Orda çalışan xarici şirkətlər Azərbaycanda qeydiyyatdan keçməyib, tenderdə iştirak etməyib, o yataqların istismarı üçün Bakıdan lisenziya almayıb, istismara görə dövlət büdcəsinə vergi ödəmir; yataqların qanunsuz talanması nəticəsində ekologiyaya ciddi ziyan dəyir.

Əraziyə azərbaycanlı ekoloqların girməsi həm də o şirkətlərin təftişi deməkdir: nə zamandan istismara başlayıblar, hansı qanunla, hansı əsasla Azərbaycanın sərvətini talayırlar, bu sərvət ölkədən necə çıxarılır, hara aparılır, nə qədər qazanc əldə edilib – real olaraq və nəhayət, ekoloji durum hansı səviyyədədir…

Azərbaycanlı mütəxəssislər monitorinqlərə başlayan kimi şirkətlərin fəaliyyətini dərhal dayandıracaqlar və bütün prosesə aydınlıq gətiriləcək – burda Azərbaycan qanunları bərpa olunacaq.

Məsələ yalnız və yalnız ekoloji terror deyil, həm də ekoloji terrordur: burda Azərbaycanın sərvətlərinin, 30 illik işğal zamanında olduğu kimi, talanmasının davam etməsindən söhbət gedir.

Digər tərəfdən, açıq informasiya resurslarında “Base Metals”ın hansı qazıntı işləri apardığı haqda heç bir məlumat yoxdur, separatçılar da bu barədə konkret heç bir söz deməyib; başqa sözlə, qızıl və mis-molibden yataqlarının istismarının dayanmasından söhbət gedir, yoxsa yeni qazıntı işlərindən? Bu sualın da cavabı verilməyib.

Üçüncüsü, rus sülhməramlıların məsuliyyət zonasında yataqların qanunsuz talanmasını aparan şirkətlərin fəaliyyəti zatən məhdudlaşıb: Laçın yolu yalnız humanitar yüklər üçün açıqdır, bu yoldan artıq 18-ci gündür ki, talanan məhsulların ixracı və əvəzində silah-sursat, terrorçu “idxalını” həyata keçirmək mümkün deyil.

Yəni zatən “Base Metals” da daxil olmaqla, digər şirkətlərin qanunsuz fəaliyyəti dayanıb. Ermənistan isə guya “xoşgörü” nümayiş etdirərək, separatçıların əli ilə “beynəlxalq monitorinq missiyası”ndan bəhs etməyə çalışır.

Beynəlxalq mütəxəssislər yalnız Azərbaycan ETSN, o cümlədən “AzerGold” QSC peşəkarlarının monitorinq qrupunun tərkibində müşahidəçi kimi o ərazilərə gedə bilər – o da şəffaflıq naminə. Azərbaycan yataqlarında fəaliyyət göstərən şirkətlərin kimliyini aidiyyəti üzrə ETSN araşdırıb, onların taleyinə də aydınlıq gətirməli, işlənən cinayətlərə görə lazım bildikləri halda Baş Prokurorluğa müraciət etməli, toplanan materiallar əsasında cinayət işi açılmalı və sərvətlərimizi talayanlar məsuliyyətə cəlb edilməlidir.

Prosesin başqa alternativi yoxdur.

Teqlər: