Qarabağda dördüncü sənaye inqilabına uyğun görülən işlər daha adekvat yaşayış məskənlərinin salınmasına xidmət edəcək – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

İşğaldan azad olunan ərazilərdə Dördüncü Sənaye İnqilabına uyğun işlərin həyata keçirilməsi daha adekvat yaşayış məskənlərinin salınmasına xidmət edəcək.

Bunu AzerTimes-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. O bildirib ki, əgər bir yaşayış məskəni sıfırdan qurulursa, yeni çağırışlara uyğun inşa edilməsi vacib məsələdir:

“Mövcud olan infrastrukturun yaşıl enerji, təmiz şəhər, ağıllı idarəetmə, rəqəmsallaşma və s. kimi tələblərə uyğunlaşdırılması sıfırdan qurulan hər hansı bir yaşayış məskəninin uyğunlaşdırılmasından çətin olur. Təəssüf ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizin böyük hissəsi tamamilə dağıdılıb və yenidənqurma prosesi də müəyyən zaman alacaq. Bu dövr ərzində dünya tamamilə fərqli istiqamətlərdə inkişaf edəcək. Yeni çağırışlardan ən vacibi iqtisadiyyatın, enerji təchizatının yaşıllaşdırılması, həm təsərrüfatda, həm iqtisadiyyatın digər sahələrində rəqəmsallaşmadan geniş istifadə edilməsidir. Bütün bunların tətbiqi daha adekvat yaşayış məskənlərinin yaradılmasına xidmət edəcək”.

Ekspert hesab edir ki, bu məsələdə çox ifrata getmək də olmaz. Çünki söhbət xüsusən regionlardan gedirsə, burada tam rəqəmsallaşma, ağıllı texnologiyalardan istifadə və s. böyük xərclərə gətirib çıxara bilər:

“Dördüncü Sənaye İnqilabı ağıllı şəhər, ağıllı kənd konsepsiyalarını dəstəkləyir. Lakin ehtiyatlı olmaq lazımdır. Bu istiqamətdə hətta Avropa İttifaqının özünün yanaşmalarında müəyyən tərəddüdlər var. Çünki bəzi hallarda icmaların inkişaf səviyyəsi bu layihələri dəstəkləmir. Nəzərə almaq lazımdır ki, texnologiya amartizasiya olunan, yəni köhnələndir. Çalışmaq lazımdır ki, maksimum optimallaşdırma şəraitində müvafiq istiqamətlərdə layihələr həyata keçirilsin. Əks-halda onlar istifadəyə yararsız olaraq, müəyyən bir dövrdən sonra sıradan çıxacaqlar. Əvəzində isə biz ciddi maliyyə itkiləri ilə üzləşmiş olacağıq. Hansı ki, kifayət qədər böyük vəsaitlərə ehtiyac var və bu vəsaitlərin təmin edilməsi də çətin bir prossdir. Ona görə də optimal səviyyənin tapılması məqsədəuyğundur, amma eyni zamanda müasir çağırışlara uyğun yaşayış məskənlərinin yaradılması da vacibdir”.

Twitter: @cingizsafarli

Teqlər: