Xəbər - Elçin Mehdiyev – Trend:
Hacıqabul sənaye məhəlləsinin açılışı deməyə əsas verir ki, hörmətli Prezidentimizin bildirdiyi kimi Qarabağda da belə vacib və əhəmiyyətli müəssisələrin, parkların yaradılmasının, istifadəyə verilməsinin tez bir zamanda şahidi olacağıq.
Bunu AzerTimes-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hacıqabul rayonuna səfəri və sənaye məhəlləsinin açılışında iştirakı, kənd təsərrüfatı sahələrində işlərin gedişi ilə maraqlanması Hacıqabul – Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi bir daha göstərir ki, regionlar sürətlə inkişaf etməkdədir.
“Regionların sosial – iqtisadi inkişafına dair” Dövlət Proqramlarının uğurla həyata keçirilməsi yeni tələblər qarşıya qoyur və regionların iqtisadi – sosial həyatında əsaslı dəyişikliklər yaratmağı zərurətə çevirir:
“Yerlərdə imkan və şəraitin olması, regionlarda işıq, su, yol, qaz problemlərinin demək olar ki, aradan qaldırılması bu gün əvvəlki illərdən fərqli olaraq daha mütərəqqi, əhatəli tədbirlərin yerinə yetirilməsini, sənaye parklarının, məhəllələrinin, aqroparkların, emal və sənaye müəssisələrinin meydana gəlməsini şərtləndirir.
Hacıqabul sənaye məhəlləsinin istifadəyə verilməsi də bu baxımdan xarakterikdir və günün reallıqlarını özündə əks etdirir.
Azərbaycan Prezidenti qeyd etdi ki, Hacıqabulda həm sənaye, həm də kənd təsərrüfatı müasir üsulla inkişaf edir. Dövlət başçısı həm də fərəhlə və qətiyyətlə bildirdi ki, Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələlərin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları işlə təmin edək, həm də ki, bu zonanın potensialından maksimum istifadə edək”.
T.Rzayevin fikrincə, göründüyü kimi Azərbaycan rəhbəri belə müasir tipli belə parkları, məhəllələri istifadəyə verməklə əsas diqqəti iqtisadiyyatın inkişafına, ilk növbədə insanların maddi – rifah halının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına, regionlarda həyatın canlanmasına yönəldir:
“Qəbul olunmuş qanunların, qərarların, layihə və proqramların icrası da məhz buna – xalqa, vətənə xidmətə istiqamətləndirilir.
Hacıqabul sənaye məhəlləsinin açılışı deməyə əsas verir ki, hörmətli Prezidentimizin bildirdiyi kimi Qarabağda da belə vacib və əhəmiyyətli müəssisələrin, parkların yaradılmasının, istifadəyə verilməsinin tez bir zamanda şahidi olacağıq”.