Qarabağa silah daşınmasının qarşısını almaq üçün… – Polkovnik

Qarabağa silah daşınmasının qarşısını almaq üçün… – Polkovnik

Laçın dəhlizinin girişində mini-gömrük postunun qurulması haqqında razılığın əldə olunması Azərbaycanın qazandığı uğurların hələ başlanğıcıdır.

Bu sözləri AzerTimes-a açıqlaması zamanı keçmiş DQMV-də Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış istefada olan polis polkovniki Sadir Məmmədov deyib.

Polkovnik sözügedən postun fəaliyyətinə nəzarət metodlarından bəhs edib:

“Təcrübələrimdən və hazırki baş verən hadisələrdən çıxış edərək deyə bilərəm ki, nə Ermənistandakı siyasi zehniyyət, nə də Qarabağdakı separatçı tör-töküntülər düzələndir. Rus sülhməramlılar da öz dövlətlərinin imza atdığı 10 noyabr bəyanatına hörmət etmirlər, əsl işlərini bir tərəfə qoyub, ancaq erməni separatçılarını qanadlarının altına alıblar. Yəni bunların ağzından çıxan sözlə boş havanın heç bir fərqi yoxdur. Ona görə, əgər erməni separatçıları orada iynə ucu qədər boşluq görsələr, yenə silah daşıyacaqlar. Belə məsələlər o qədər asan başa gəlmir. Düşünürəm ki, yeni qurulacaq mini-gömrük postunda rəhbərlik və nəzarət mütləq şəkildə Azərbaycanda olmalıdır. Gömrük məntəqəsi ən müasir texniki vasitələrlə, kameralarla təchiz edilməlidir. Dəhlizdən keçmək istəyənlərin pasportları və yükləri bu cihazlarla yoxlanmalıdır. Çünki hazırda saxta sənəd tərtib etməyin və qanunsuz yükləri gizlətməyin çoxlu sayda metodu var. Gömrük postunda yalnız gömrükçülərimiz deyil, həm də sərhədçilərimiz təmsil olunmalıdır. Azərbaycan tərəfindən axtarışda olan erməni terrorçularının və “persona non qrata”ların siyahısı onlara verilməlidir. Xarici ölkə vətəndaşları, təşkilat nümayəndələri və s. şəxslər isə bölgəyə daxil olmaq üçün mütləq Azərbaycandan icazə almalıdır. Digər tərəfdən postun fəaliyyəti ilə bağlı ölkəmizin müvafiq orqanlarına hesabat verilməlidir. Hesabatlar mütəmadi formada və ən azı ayda iki dəfə həyata keçirilməlidir. Eyni zamanda vəzifəsini yerinə yetirməkdə aciz olan, yaxud qanun pozuntularını görməzdən gələn rus sülhməramlılar isə postdan uzaqlaşdırılmalı, yol verdikləri qanun pozuntusu ilə bağlı Rusiya Müdafiə Nazirliyinə dərhal məlumat verilməlidir. Ümumiyyətlə isə rus sülhməramlıların özbaşınalığı, fəaliyyətsizliyi, sui-istifadə halları haqqında bir çox məsələ Rusiya ilə ciddi şəkildə müzakirə olunmalı, Azərbaycana hörmət tələb edilməlidir. Rus sülhməramlılar birdəfəlik dərk etməlidirlər ki, onlar Qarabağda ağa deyillər, müvəqqəti gəliblər, ölkəmizin ərazi bütövlüyünə və qanunlarına hörmət çərçivəsində öz vəzifələrini yerinə yetirib, vaxtı çatanda getməlidirlər. Bunun başqa yolu, üsulu yoxdur”.

Teqlər: