Qarabağa Böyük qayıdış çərçivəsində aqroturizm sektoru inkişafa əlavə təkan verəcək – Orxan Məmmədov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Mütəxəssislərin hesablamalarına əsasən aqroturizm bazarının
həcmi 2019-cu ildə 42 milyard ABŞ dollarından çox olmuşdur və bu
rəqəmin 2027-ci ilə qədər 60 milyard ABŞ dolarını keçəcəyi
proqnozlaşdırılır.

AzerTimes-ın məlumatına görə,
bunu Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm
sisteminin yaradılmasına dair tədbirdə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov
deyib.

Onun sözlərinə görə, ölkədə məşğulluğun strukturunda aqrar
sektorun yüksək paya malik olması, əlverişli, füsunkar təbii şərait
və müasir tələblərə cavab verən infrastrukturun mövcudluğu
Azərbaycanda arqoturizmin inkişafı üçün geniş potensial imkanların
olmasına dəlalət edir:

“Digər tərəfdən, turizm ənənələrinə malik olan Qarabağ torpağına
böyük qayıdış planı çərçivəsində ağıllı kənd layihələrinin icrası
və ağıllı kənd təsərrüfatı konsepsiyasının reallaşdırılması yaxın
gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcəkdir.

Bütövlükdə, Hökumət tərəfindən turizm sektorunun bütün
sahələrinin inkişafına xüsusi diqqət yetirilir. Təsadüfü deyildir
ki, COVİD-19 pandemiyasının neqativ təsirlərinə ən çox məruz qalmış
sektorlardan biri olan turizm post-pandemiya dövründə iqtisadi
artımın sürətləndirilməsi baxımından iqtisadi siyasətin prioritet
sahələrindən biri kimi müəyyən edilmişdir.

Qeyd olunan faktorlar nəzərə alınmaqla, Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi turizm sahəsində mikro, kiçik və orta
sahibkarlığın inkişafı, onların potensialının artırılması
istiqamətində fəaliyyət aparır. Biznes subyektləri üçün nəzərdə
tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun
iştirakçılarının mümkün qədər daha geniş cəlb edilməsi, turizm
klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir”, –
O.Məmmədov deyib.

Agentlik sədri bildirib ki, KOBİA tərəfdaş qurumlar ilə birlikdə
turizm sektorunda layihələrin həyata keçirilməsində maraqlıdır:

“Qeyd etmək istərdim ki, 2021-ci ilin may ayında KOBİA-nın və
Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Kəndlərdə sahibkarlığın
və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı
rayonunda 15 sahibkarlıq obyekti – kənd qonaq evi istifadəyə
verilmişdir. Müsbət nəticələr nəzərə alınmaqla, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı
yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran,
Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə
start verilmişdir. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd
olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması
nəzərdə tutulur”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: