Qarabağ və Şərqi Zəngəzurun bərpası ərəbdilli mətbuatda (FOTO)

Ermənistanın 30 illik işğal siyasəti həm də Azərbaycanın tarixi
torpağı olan Qarabağ və Şərqi Zəngəzurda bütün Azərbaycan və İslam
irsini silmək, həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən
yürüdülən siyasət idi. 2020-ci il 44 günlük müharibədən sonra
səfirlər, münaqişənin həlli üzrə təmas qrupunun üzvləri işğaldan
azad edilmiş ərazilərə səfər edərkən hər şeyi öz gözləri ilə
gördülər və açıq bəyanatlar verdilər.

AzerTimes-ın məlumatına görə, bu fikirlər Milli Məclisin deputatı
Könül Nurullayevanın ərəbdilli mətbuatda dərc olunan məqaləsində
yer alıb.

“İslam dünyasından Qarabağla bağlı növbəti həmrəylik” sərlövhəli
yazıda millət vəkili İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv
dövlətlərin jurnalistlərinin assosiasiyasının üzvlərinin ötən ay
Füzuli və Şuşadan sonra Ağdam şəhərinə səfər etdiyini
xatırladıb.

Məqalədə qeyd edilir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir,
Pakistan, İraq, Mavritaniya, Mərakeşdən olan jurnalistlər, eləcə də
İƏT-ə üzv dövlətlərin jurnalistlər assosiasiyasının nümayəndələri
səfər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi
vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra
Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə
tanış olublar. Media təmsilçiləri də bütün İslam dünyasının
Azərbaycanın yanında olduğunu bəyan etdi. Bildirdilər ki,
Azərbaycan həqiqətlərini dünyaya yaymaqda davam edəcəklər.

Qarabağda aparılan bərpa-quruculuq işlərinə toxunan
K.Nurullayeva məqalədə vurğulayıb ki, bərpa zamanı İslam
dəyərlərinə qarşı vandallığın nəticələri də aradan qaldırılır:
“Qarabağda məscidlər bərpa olunur və ya yeni məscidlər inşa
olunmaqdadır. Bu baxımdan Azərbaycanın 44 günlük müharibədə
qazandığı qələbə, həm də İslam dünyasının qələbəsidir. Təsadüfi
deyil ki, istər işğal dövründə, istərsə də 44 günlük müharibə
zamanı İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın yanında idi və
təşkilatın qətnamələri bizi dəstəkləyirdi”.

İƏT-in potmünaqişə dövründə də Azərbaycanın yanında olduğunu
qeyd edən deputat Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 22-23
mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının
İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın
qurulması” mövzusunda keçirilən 48-ci sessiyasında Ermənistanın
Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qəbul
edilən dörd qətnaməni xüsusi qeyd edib.

O bildirib ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasının
nəticələri Azərbaycanın münaqişədən sonrakı sülh gündəliyinə artan
beynəlxalq dəstəyi bir daha təsbit etməklə, bu gündəliyin irəli
aparılması və Ermənistanın 30 ilə yaxın davam etmiş işğal
siyasətinin fəsadlarının aradan qaldırılması işində Azərbaycanla
həmrəyliyi təsdiq edir: “Bu, həm də Azərbaycanın azad edilmiş
ərazilərin bərpası və yenidən qurulması, habelə Ermənistanla
dövlətlərarası münasibətlər qurulmasını özündə ehtiva edən
münaqişədən sonrakı sülh gündəliyinə beynəlxalq müstəvidə dəstək
verilməsinin bariz nümunəsidir: “Ermənistanın davamlı təbliğat
fəaliyyəti müqabilində İƏT üzv dövlətləri növbəti dəfə bu ölkənin
Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətə düzgün siyasi və
hüquqi qiymət verir”.

Qeyd edək ki, məqalə Əlcəzair, İraq və Sudanda ümumilikdə 4
nüfuzlu mətbuat orqanı tərəfindən dərc olunub.

https://alharir.info/%D8%B5%D9%88%D8%B1%D8%A9-%D8%A3%D8%AE%D8%B1%D9%8A-%D9%84%D9%84%D8%AA%D8%B6%D8%A7%D9%85%D9%86-%D8%A7%D9%84%D8%A5%D8%B3%D9%84

https://www.agnaden.net/?p=14091

https://sinopanorama.net/2022/03/28/%d8%a7%d9%84%d9%86%d8%a7%d8%a6%d8%a8%d8%a9-%d9%83%d9%88%d9%86%d9%88%d9%84-%d9%86%d9%88%d8%b1-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%b5%d9%88%d8%b1%d8%a9-%d8%a3%d8%ae%d8%b1%d9%8a-%d9%84%d9%84%d8%aa%d8%b6%d8%a7/

https://dzayerinfo.com/ar/%D8%B5%D9%88%D8%B1%D8%A9-%D8%A3%D8%AE%D8%B1%D9%8A-%D9%84%D9%84%D8%AA%D8%B6%D8%A7%D9%85%D9%86-%D8%A7%D9%84%D8%A5%D8%B3%D9%84%D8%A7%D9%85%D9%8A-%D9%85%D8%B9-%D9%82%D8%B1%D8%A7%D8%A8%D8%A7%D8%BA/

Teqlər: