“Qarabağ” ordenli şəhidin zabit əmisi son mənzilə yola salınıb (FOTO)

“12 fevral şərəfli zabit yolu keçən, Vətənə, dövlətə nümunəvi
xidmətləri ilə seçilən Azərbaycan Ordusunun hərbi qulluqçularından
biri istefada olan polkovnik Xəzər Həmid oğlu Abbasovun doğum
günüdür. Yaşasaydı ailəsi və dostları bu gün onun anadan olmasının
54-cü ilini birlikdə qeyd edəcək, xeyirxah insan, səmimi dost,
mehriban ailə başçısı, Vətənin sədaqətli zabiti kimi onun gözəl
əxlaqi, mənəvi və iradi keyfiyyətləri barədə bir daha ürək
sözlərini söyləyəcəkdilər. Lakin bu olmadı, amansız qəfil ölüm bir
gün öncə Xəzər kimi vətənpərvər zabiti bizlərdən ayırdı. Onu
fevralın 11-də hərbi və dini ənənələrə uyğun olaraq son mənzilə
yola saldıq”.

Bu barədə danışan mərhumun yaxın dostu, polkovnik Abdulla
Qurbani bildirib ki, Xəzər Abbasov 12 fevral 1968-ci ildə Bakı
şəhərində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra
Belarus Respublikasına gedərək Minsk Ali Hərbi Siyasi Ümumqoşun
Məktəbinə daxil olub və burada təhsilini müvəffəqiyyətlə başa
vurduqdan sonra doğma Vətənə can atsa da, mümkün olmayıb. Bir
müddət Leninqrad şəhərində motoatıcı alayda xidmət edib.

Böyük çətinliklərdən sonra nəhayət Azərbaycana qayıdan gənc
zabit böyük həvəslə yeni yaranmaqda olan Milli Orduda xidmətini
davam etdirib. Əvvəl hərbi hissələrdə, sonra isə Müdafiə
Nazirliyində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında
Hərbi Diplomatiya kursunu bitirib. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qazaxıstan və Gürcüstan respublikalarındakı hərbi
attaşesi vəzifələrində xidmət edib.

2017-ci ilin fevral ayında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim
Komissiyasının rəyinə əsasən xəstəliyə görə Azərbaycan Ordusundan
istefaya buraxılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
veteranı idi. Xidmət müddətində bir neçə medal, fəxri fərman və
qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Polkovnik A.Qurbani onu da nəzərə çatdırıb ki, Xəzər Abbasovun
17 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olan qardaşı oğlu
Həmid Abbasbəyli də əmisinin arzusu ilə ixtisas seçimində hərbi
peşəyə üstünlük verərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə
təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Zabit ixtisas
kursu”nu bitirib.

Xüsusi əməliyyat taborunda xüsusi əməliyyat qrupu komandirinin
müavini vəzifəsində xidmət edib, “baş leytenant” hərbi rütbəsinədək
yüksəlib. Vətən müharibəsinin ilk günündən böyük ruh yüksəkliyi,
qələbə əzmi ilə hərbi əməliyyatlara qatılıb. Əmisini və ailəsini
əmin edib ki, onları tezliklə qələbə müjdəsi ilə sevindirəcək. Gənc
zabit H.Abbasbəyli sözünü tutaraq, Cəbrayıl və Füzuli rayonlarının
bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda
döyüşlərdə əsl qəhrəmanlıq və şücaət nümunələri göstərib. Lakin
Vətən müharibəsinin 24-cü günündə xüsusi döyüş tapşırığını yerinə
yetirərkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə
ucalıb.

Əmisinin yolunu seçən və ümidlərini doğruldan baş leytenant
Həmid Abbasbəyli Azərbaycan Respublikası ərazilərinin işğaldan azad
olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş
əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi
qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi
göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamlarına əsasən ölümündən sonra “Qarabağ” ordeni və bir neçə
döyüş medalı ilə təltif olunub.

Fevralın 11-də Müdafiə Nazirliyinin təşkilatçılığı, hərbi
qulluqçuların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə istefada
olan polkovnik X.Abbasovla vida mərasimi keçirilib və o, hərbi və
dini ənənələrə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında yaylım
atəşi altında son mənzilə yola salınıb.

Mərhumun cənazəsi üzərinə sərilən bayraq xatirə saxlanılması
üçün ailəsinə təqdim edilib. Oğlu Sənan və qardaşı Rüstəm
Abbasovlar göstərilən ehtirama və diqqətə görə Müdafiə Nazirliyinin
rəhbəörliyinə, təşkilatçılara, o cümlədən dəfn mərasimində iştirak
edənlərə minnətdarlıqlarını bildiriblər.

İstefada olan polkovnik Xəzər Abbasov və onun qardaşı oğlu baş
leytenant Həmid Abbasbəyli də bu gün müqəddəs Vətən torpağında
rahat uyuyurlar. Bütün xalqımız kimi onların da ən böyük arzuları
işğal altındakı torpaqlarımızı azad görmək idi və bu arzu artıq
xalqımızın birliyi, həmrəyliyi, rəşadətli ordumuzun əsgər və
zabitlərinin igidliyi, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu
sayəsində reallaşıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Teqlər: