“Qarabağ FK-30 mövsüm səfərdə” filminin təqdimatı oldu

“Qarabağ FK-30 mövsüm səfərdə” filminin təqdimatı oldu

Bu gün Heydər Əliyev Mərkəzində “Qarabağ” futbol klubuna həsr edilən “Qarabağ FK-30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimi baş tutub.

AzerTimes-ın məlumatına görə, filmin təqdimat mərasimində “Qarabağ” klubunun prezidenti Tahir Gözəl çıxışında bildirib ki, bu filmin görüb, emosiyalara qərb olmamaq mümkün deyil:

“Bombalar altından Avropanı fəth edən klub harada var? “Qarabağ”ın hekayəsi Vətənin hekayəsi ilə paraleldir. “Qarabağ” ölkəyə, ölkə “Qarabağ”a ilham verir. İkisinin başında qiqant rəhbər İlham Əliyev dayanır. Bu film futbol tarixinə hədiyyədir”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə filmin ərsəyə gəlməsində Bakı Media Mərkəzinin prezidenti baş prodüser Arzu Əliyevaya təşəkkür edib:

“Bizə bu cür dəstək olanda güclənirik. Filmə baxanda 15 ili burada təkrar yaşadım. Hamımız doğru yol göstərə bilərik, amma onun icraçıları var. Bir daha əmin oldum ki, güclü kollektivim, döyüşçülərim var. İki gün öncə Qarabağı bir daha futbolçularla görüşdə anlatdım ki, hansı komandanı təmsil edirik, necə insanlar torpaqlarımızı geri qaytarmaq üçün öz canlarından keçib. Komandamda döyüşçü ruhunu saxlamaq istəyirəm. 44 gün müharibədə hər gün cənab Prezident xalqa müraciətində döyüşçülərinə bunu bildirirdi, hamımız bir olub zəfər əldə etdik. Dövlət səviyyəsində komandamızın sevildiyini, dəyər verildiyini görəndə bir daha deyirik, başqa çıxış yolumuz yoxdur, daha işgüzar olub xalqımızın adını ucaltmalıyıq. Filmə baxanda oyunlardan sonra göz yaşlarımı gördüm. Sanki məşqçilikdən getmək istəyirəm ki, göz yaşlarım az olsun. Sevinirik ki, “Qarabağ”a bütün azərbaycanlılar dəyər verir. Biz də gücümüzdən artığını etməyə çalışırıq ki, klubumuz daha güclü olsun”.

Qeyd edək ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, “Qarabağ”ın kollektivi, eləcə də bir sıra tanınmış şəxslər iştirak edib.

“Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalı olan sənədli film Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.

Teqlər: