Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Report-a müsahibəsində bildirib.
“Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur”, – deyə bunu H.Hacıyev bildirib.