Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar ölkəmizin hüquqi, iqtisadi, siyasi və mədəni məkanına inteqrasiyaya başlamalıdırlar – Səfir Rəhman Mustafayev (FOTO/VİDEO)

Bir il əvvəl Azərbaycan ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 30 illik işğalına son qoyaraq tariximizə şanlı səhifə yazdı. Beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işləri Azərbaycan öz gücü ilə – 44 günə gördü. Ötən il noyabrın 8-də Şuşa şəhərinin erməni işğalından azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişində həlledici məqam oldu.

Şuşa Qarabağın tarixi mərkəzi, Azərbaycanın mədəniyyət paytaxtı, Azərbaycan poeziyasının və ədəbiyyatının beşiyidir.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev TV5 Monde beynəlxalq telekanalının xəbərlər proqramında deyib.

Diplomat qeyd edib: “Burada milli folklor və klassik musiqi məktəbi yaranıb”.

Teleaparıcıların müvafiq suallarını cavablandıran səfir bildirib ki, Şuşa şəhərinin işğaldan azad edilməsi ilə müharibəyə son qoyulub:

“Müharibə bitdi, münaqişə həll olundu, lakin müharibədən sonrakı, münaqişədən sonrakı dövrün bir çox sualları və problemləri qalmaqdadır. Bura işğaldan azad edilmiş ərazilərin təmizlənməsi, itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi, dağıdılmış şəhər və kəndlərin yenidən qurulması daxildir. Həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və sonradan demarkasiyası məsələsini həll etmək lazımdır. Biz bu məsələ ilə bağlı dialoqa başlamaq təklifini çoxdan erməni tərəfinə çatdırmışıq, ondan cavab gözləyirik”.

R.Mustafayev onu da bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar ölkəmizin hüquqi, iqtisadi, siyasi və mədəni məkanına inteqrasiyaya başlamalıdırlar. “Respublikamızın ərazisi vahid və bölünməzdir, hamının qanun qarşısında bərabərliyi prinsipinə əməl olunması əsasında ermənilərə də yer orada yer olacaq”- deyə səfir qeyd edib.

Səfir efir zamanı Rusiya, Türkiyə, İran və İsrailin regiondakı rolu ilə bağlı sualları da cavablandırıb.

TV5 Monde Fransa-Belçika-İsveçrə-Kanada beynəlxalq ictimai televiziya kanalıdır. Dünyanın 200 ölkəsində 350 milyon nəfərlik auditoriyaya yayımlanır. Hər həftə onun xəbər buraxılışlarını təxminən 80 milyon insan izləyir.

Həmin verilişin videosunu oxucuların diqqətinə təqdim edirik:

Teqlər: