Qarabağ Dirçəliş Fondu ilə Estoniya parlamentinin nümayəndə heyətinin görüşü keçirilib

2 noyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlament qrupunun sədri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rəhman Hacıyev tədbir iştirakçılarına Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

R.Hacıyev işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində tarixi abidələrin bərpası ilə yanaşı, işğal nəticəsində ekologiyaya dəyən zərərin aradan qaldırılması məsələsinin Fondun əsas prioritetlərindən biri olduğunu və bu məqsədlə Fondun həmin ərazilərdə əlverişli həyat şəraitinin yaradılması, ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə dəstək olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə əməkdaşlığa dair “Anlaşma Memorandumu”nun imzaladığını bildirib.

Rəhman Hacıyev Fondun həyata keçirdiyi müxtəlif təşviqat tədbirləri barədə danışıb. Sədr, biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin həmrəylik göstərərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəlb olunması məqsədilə Amcham nümayəndə heyətinin Ağdamın iqtisadi potensialının müzakirəsi məqsədilə Ağdama, logistika şirkətlərin nümayəndələrinin Zəngilana səfərinin təşkil olunmasının, eyni zamanda iri sahibkarlıq subyektərinin nümayəndələri ilə silsiləri görüşlərin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə nümayəndə heyətinin sədri Sven Sester 3 noyabr 2021-ci il tarixində Ağdama, daha sonra isə Vətən müharibəsi zamanı Gəncə şəhərində baş vermiş terrorun fəsadları ilə tanış olmaq üçün Gəncə şəhərinə yola düşəcəklərini bildirib.

Görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərinə dəstək olmaq məqsədilə iri biznes və müvafiq qurum rəhbərləri tərəfindən maliyyə dəstəyinin cəlb olunması, Estoniyanın “e-Residency” (elektron oturum hüququ) dövlət proqramı təcrübəsinin Qarabağda tətbiqi perspektivləri müzakirə edilib və tərəfləri maraqlandıran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı nümayəndə heyəti Estoniya Respublikasının ianə mədəniyyəti və orada mövcud olan ianə haqqında qanunvericiliklə bağlı öz təcrübələrini bölüşüblər.

Sonda, görüşdə qeyd olunan məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Estoniya və Azərbaycanın bu sahədə müvafiq qurumları ilə görüşlərinin keçirilməsi təklif edilib.

Teqlər: