“Qarabağ”-“Bayer”: hesab necə olacaq? – Proqnoz

“Qarabağ”-“Bayer”: hesab necə olacaq? – Proqnoz

“Qarabağ”ın bugünkü oyununa iki aspektdən yanaşmaq olar. Birincisi, real baxış olsa, sözsüz ki, rəqibin gücü bəllidir. Amma ümumən baxanda futbolda istək amili var ki, bu gün “Qarabağ”ın istəkli olacağı şübhəsizdir.

Bu sözləri AzerTimes-a açıqlamasında idman eksperti Amal Abuşov bu gün keçiriləcək “Qarabağ”-“Bayer” matçı ilə bağlı danışarkən deyib.

“Qarabağ”ın Avrokubok oyunları zamanı tribunalar tam dolur və azerkeşlər futbolçuları ruhlandırırlar. Bu baxımdan “Qarabağ”ın layiqli mübarizə aparacağına əminəm. Hesab təxmin etmək bir qədər çətindir. Reallığa əsaslansaq, “Qarabağ”ın şansını o qədər də yüksək qiymətləndirmirəm. Hər halda 0:1 və yaxud 0:2 hesabı ilə məğlubiyyətə uğrayacağını təxmin etmək olar. Amma qazanma istəyini, tribunaların dəstəyini və “Qarabağ”ın özünə inamını nəzərə alanda, bu oyunun heç-heçə bitməsi də gözləniləndir”, – Abuşov qeyd edib.

Matçla bağlı öz fikirlərini bölüşən idman eksperti Kənan Məstəliyev isə bildirib ki, “Bayer 04” bu gün dünyada heç bir komandanın özünə rəqib istəmədiyi klubdur:

“Xabi Alonsonun yetirmələri bu güclə Çempionlar Liqasının yarımfinalına qədər gedə biləcək potensiala malikdilər. Ona görə də işimiz asan olmayacaq. Ancaq “Qarabağ” da Avrokubok döyüşçüsüdür və ağır sınaqlardan üzüağ çıxa bilib. Bu dəfə də Qurban Qurbanov və yetirmələrinin meydana qələbə üçün çıxacağına və müsbət nəticə qazanacağına inanıram. Bu dəfə optimist olmaq istəyirəm və “1:0 – “Qarabağ”ın xeyrinə” deyirəm”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer” matçı saat 21:45-də başlayacaq.

Teqlər: