Azərbaycanda ilk dəfə olaraq Qobustan Heyvandarlıq Nümayiş
Kompleksində Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı
həyata keçiriləcək.
Aprelin 15-də keçiriləcək auksionda həm yerli həm də xarici
təsərrüfat sahibləri, sahibkarlar, fermerlər iştirak edə bilərlər.
Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq
və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Auksion
dövründə iştirakçılara Qarabağ atları haqqında canlı və interaktiv
məlumatlar veriləcək. Atların satış qiyməti və son hərracı
qiymətinə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən
sığortalanacaq. Hazırda 6 baş at Qobustan Heyvandarlıq Nümayiş
Kompleksində satışa hazırlanır. Atlar Ağdam Atçılıq Zavodunda və
şəxsi klublarda yetişdirilən atlardır.
Müddət və iştirakçı potensialını nəzərə alaraq ilkin mərhələdə
auksiona 3 Qarabağ atı çıxarılacaq. Adları “Sultan”, “Sahil” və
“Zilaxar” olan bu atlar şəcərəsi, cıdır qabiliyyəti, xarici
görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi olaraq seçilib.
Atlardan “Sultan” (2018, atası “Sürməli”, anası “Sürməli”), “Sahil”
(2018-ci il, atası “Sərəyin”, anası “Sədəqə”) və “Zilaxar”ın
(2017-ci il, atası “Ulduz”, anası “Sürməli”) ilkin satış qiymətləri
müəyyənləşib.
Auskionda “Sultan”ın start qiyməti 30 min manat, “Sahil”in start
qiyməti 5 min manat, “Zilaxar”ın start qiyməti isə 7 min manat
olacaq. Qiymət auksionda alıcıların verdiyi son qiymətə uyğun
rəsmiləşdiriləcək.
Növbəti mərhələdə Ağdam Atçılıq Zavodunda yetişdirlən “Kəndir”,
“Şaban” və “Segah” adlı atlar auksiona çıxarılacaq.
Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə
seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi
geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür,
çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın
və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu
orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur.
Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.
Gələcəkdə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində yeri və
xarici cins damazlıq heyvanların satışı davam etdiriləcək.
Satışların təşkilində məqsəd fermerlərin cins heyvanlara
əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların
yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların
inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin
yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında
koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını
həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün
sığorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan
alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan
edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi
prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin
operativliyi və şəffaflığı təmin olunur.
İlk auksiona qeydiyyat artıq başlayıb. Hərracda iştirak etmək
istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surətini
[email protected] email ünvanına və +99450 234 48 88 whatsapp
nömrəsinə göndərərək qeydiyyatdan keçə bilərlər.