ADNSU-nun “Maqnat” IOK-un 15-illiyinə həsr olunmuş “Brain ring” çempionatı keçirilib (FOTO)

Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Maqnat”
İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə klubun 15
illiyinə həsr olunmuş “Maqnat-15” adlı daxili “Brain ring”
intellektual yarışı keçirilib.

Yarışda ADNSU-nun 7 fakültəsi, BBA, ZU və SABAH qruplarından,
eləcə də Azərbaycan-Fransız Universitetindən (UFAZ) ümumilikdə 12
komanda iştirak edib.

Yarışda “Maqnat” İOK-un 15 illik fəaliyyətinə həsr olunmuş
videoçarx nümayiş olunub. ADNSU məzunları və “Maqnat” klubunun
keçmiş üzvləri çıxış edərək, yarışlarla bağlı xatirələrini bölüşüb,
tələbələrin asudə vaxtlarının səmərəli təşkilində intellektual
oyunların əhəmiyyətindən danışıblar.

Azİİ məzunu, Televiziya və radio məkanında intellektual
oyunların aparıcısı Məmmədəli Məmmədov (DJ Fateh) çıxışında
gənclərin dünyagörüşlərini və intellektual səviyyələrini yüksək
qiymətləndirərək, təhsil aldığı illərdə universitetdə belə bir
intellektual oyunların olmadığını təəssüf hissi ilə qeyd edib. O,
bu gün ölkədə, o cümlədən, ADNSU-da gənclərin inkişafı üçün hər bir
şəraitin olduğunu vurğulayıb.

Gərgin keçən bilik mübarizəsində ADNSU-nun Informasiya
Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) yarışın qalibi olub.
Universitetin Kimya Texnologiya fakültəsi (KTF) 2-ci, İqtisadiyyat
və menecment fakültəsi (İMF) isə 3-cü yeri tutub.

Tədbirdə iştirak edən ADNSU-nun rektoru, professor Mustafa
Babanlı gənclərin bu cür bilik yarışlarında iştirakını yüksək
qiymətləndirib və yubiley münasibətilə klub üzvlərini, həmçinin,
yarışın qaliblərini təbrik edib, onlara uğurlar diləyib.

Sonda yarışın qalibləri mükafatlandırılıb, hədiyyələr və kubok
təqdim olunub.

Teqlər: