Qarabağ atlarının ilk dəfə auksion vasitəsilə satışı aparılıb – “Zilaxar” 7500 manata…

Azərbaycanda ilk dəfə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində
Qarabağ cins atlarının auksion vasitəsilə satışı həyata keçirilib.
Auksionda yerli təsərrüfat sahibləri, sahibkarlar və fermerlər
iştirak ediblər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş
Qarabağ atları çıxarılıb. Auksion dövründə iştirakçılara Qarabağ
atları haqqında canlı və interaktiv məlumatlar verilib.

Trend xəbər verir ki, müddət və iştirakçı potensialını nəzərə
alaraq ilkin mərhələdə auksiona 3 Qarabağ atı çıxarılıb. Adları
“Sultan”, “Sahil” və “Zilaxar” olan bu atlar şəcərəsi, cıdır
qabiliyyəti, xarici görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi
olaraq seçilib. Atlardan “Sultan” (2018, atası “Sərəyin”, anası
“Sürməli”), “Sahil” (2018-ci il, atası “Sərəyin”, anası “Sədəqə”)
və “Zilaxar”ın (2017-ci il, atası “Ulduz”, anası “Sürməli”) ilkin
satış qiymətləri müəyyənləşib.

Auskionda “Sultan”ın start qiyməti 30 min manat, “Sahil”in start
qiyməti 5 min manat, “Zilaxar”ın start qiyməti isə 7 min manat elan
edilib. Satış auksion formatına uyğun olaraq həyata keçirilib.
“Sahil” atı 5500 manat, “Zilaxar” atı isə 7500 manata öz
alıcılarını tapıb. Atların satış qiyməti auksionda alıcıların
verdiyi son hərrac qiymətinə uyğun rəsmiləşdirilib və sığorta
şirkəti tərəfindən sığortalanıb.

Növbəti mərhələdə Ağdam Atçılıq Zavodunda yetişdirlən “Kəndir”,
“Şaban” və “Segah” adlı atlar auksiona çıxarılacaq.

Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə
seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi
geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür,
çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın
və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu
orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur.
Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.
Gələcəkdə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində yeri və xarici
cins damazlıq heyvanların satışı davam etdiriləcək. Satışların
təşkilində məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına nail
olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların
satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə
heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq,
damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.
Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq
şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri
fəaliyyət göstərir. Bu müasir kompleks heyvan alqı-satqısı zamanı
bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün
alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid
mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və
şəffaflığı təmin olunur.

Teqlər: