Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla imzalanan saziş portfelinin həcmini açıqlayıb (ÖZƏL)

Xəbər - Ləman Zeynalova – Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycanla bugünədək imzaladığı sazişlər portfeli yeddi layihə üzrə 130 milyon avro təşkil edir.

Bunu Trend-ə özəl müsahibəsində QDTİB-in prezidenti Dmitri Pankin deyib.

“Koronavirus pandemiyası ilə əlaqədar bütün region üzrə yeni investisiyaların və əsaslı xərclərin azalması qeydə alınıb. Bu, maliyyələşdirmə üçün müraciət edən şirkətlərin sayında öz əksini tapıb ki, Azərbaycan da bu tendensiyadan kənarda qalmayıb. Ona görə də bankın Azərbaycanda portfelinin artımı həmin dövrdə planlarımıza müvafiq olmayıb. 2021-ci ildə bank 10 milyon manat məbləğində yalnız bir saziş imzalayıb və azərbaycanlı müştərilərə 48,2 milyon avro ödəyib”, – deyə D.Pankin bildirib.

O qeyd edib ki, QDTİB Azərbaycanda ticarətin, lizinqin, kiçik və orta biznesin, ipotekanın maliyyələşdirilməsi hədəf kredit xətlərinin təqdim edilməsi məqsədi ilə yerli maliyyə müəssisələri ilə əməkdaşlığı genişləndirməyə hazırdır.


“Qeyri-neft sektorunda kiçik və orta biznesin dəstəklənməsi çox vacibdir. Nəzərə alsaq ki, Azərbaycanda kiçik və orta müəssisələrin dövriyyəsi böyük deyil, o zaman onların ehtiyac duyduğu kredit həcmi də böyük deyil. Ona görə də onlarla yerli maliyyə müəssisələri vasitəsilə işləmək olar. Biz Azərbaycanda və digər üzv-ölkələrdə kiçik və orta müəssisələrlə məhz bu cür işləyirik”.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: