“Qalatasaray” Mahirin komandasına məğlub oldu

“Qalatasaray” Mahirin komandasına məğlub oldu

Türkiyə Super Liqasında növbəti tura start verilib.

AzerTimes xəbər verir ki, açılış matçında millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” evdə “Qalatasaray”la görüşüb. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Hesabı 31-ci dəqiqədə qonaqlardan Miloş Raşitsa açıb. Meydan sahibləri 62-ci dəqiqədə Soner Dikmenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Oğulcan Ulğun Konya təmsilçisinə qələbə qazandıran qolu vurub.

Matça start heyətində başlayan Emreli 79-cu dəqiqədə məhz Ulğunla əvəzlənib. Bu qalibiyyətlə rəqibin 14 oyunluq qələbə seriyasına son qoyulub.

Bu nəticədən sonra xallarını 34-ə çatdıran “Konyaspor” 8-ci pillədə qalıb. “Qalatasaray” isə 60 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, “Qalatasaray” martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la xeyriyyə oyunu keçirələcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Teqlər: