Qafqazın şeyxi Ərəbistan şeyxi ilə görüşdü

Qafqazın şeyxi Ərəbistan şeyxi ilə görüşdü

İndoneziyanın Bali adasında G20-nin Dini Liderlərin Beynəlxalq Sammiti (R20) keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, sammitdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov təmsil edirlər.

Sammitin açılış mərasiminin ardından həmtəşkilatçı qurumların təşəbbüsü ilə Azərbaycan nümayəndə heyəti İndoneziyanın “Nəhdətül-Üləma” müsəlman dini mərkəzi idarə heyətinin baş sədri Yəhya Cəlil Staquf və Səudiyyə Ərəbistanı Krallığının İslam Aləmi Liqasının baş katibi Şeyx Məhəmməd Əbdülkərim əl-İsa ilə ikitərəfli görüşlər keçirib. Bununla yanaşı, QMİ sədri və BBMM icraçı direktoru ABŞ-da mərkəzləşən “İsa Məsih və Sonuncu Gün Müqəddəsləri kilsəsi”nin “On İkilər Kvorumu”nun üzvü Harri Stivenson, Misirin Baş müftisi Şövqi Əllam, Yaponiyanın “Şinto” Assosiasiyasının sədri, rahib Yoşinobu Miyake, Ümumdünya Yevangelist Alyansının Baş katibi, yepiskop Tomas Şirmaxer və sammitin digər iştirakçıları ilə görüşüblər.

Görüşlərdə qarşı tərəflərə Azərbaycan Respublikasının dinlərarası və sivilizasiyalararası dialoq sahəsində təşəbbüsləri, xalqımızın qədim multikulturalizm və tolerantlıq ənənələri, işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminə məruz qalmış tarixi mədəni və dini abidələrimiz, Ermənistanın ərazilərimizdə apardığı mülki insanların qətlinə hədəflənmiş minalarla çirkləndirilmə və “yandırılmış torpaq” siyasəti, eləcə də hazırda həmin ərazilərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında aparılan bərpa və yenidənqurma layihələri haqqında geniş məlumat verilib.

Teqlər: