Qafqazın inkişafı bu iki ölkə üzərində qurulub – Mamaladze

Qafqazın inkişafı bu iki ölkə üzərində qurulub – Mamaladze

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən sonra NATO-nun Baş katibi Yens Stoltenberqin də Bakıya səfəri dünyada cərəyan edən proseslər fonunda Azərbaycanın regionda yeni reallıqların yaranmasındakı rolundan xəbər verir.

AzerTimes xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze söyləyib.

“Yens Stoltenberqin Azərbaycana səfərindən əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Prezident İlham Əliyevlə həlli vacib bir sıra məsələləri müzakirə etdi. Düşünürəm ki, Gürcüstan olaraq maraqlarımız Azərbaycanın maraqları ilə üst-üstə düşür. Azərbaycan dostluq nümunəsi göstərdi və bizə dostluğunu nümayiş etdirdi. Düşünürəm ki, bundan sonra da ölkələrimiz qlobal məsələləri birlikdə müzakirə edəcəklər”, – politoloq bildirib.

Onun sözlərinə görə, indiki zamanda Azərbaycan və Gürcüstan NATO-dan, Qərb-dən və ABŞ-dan istədiyini daha rahat əldə edə bilər, nəinki onlar bizdən. Amma bunu da xüsusi qeyd etmək lazımdır ki, Qərbin regiona yetərincə təsir mexanizmləri var. Bu vaxtadək Qarabağ məsələsi onlar üçün regiona təsir mexanizmi idi, amma Azərbaycan bu məsələni birdəfəlik həll etdi. Hazırda Fransa hansısa formada nəsə etməyə çalışır, amma bütün arzuları ürəyində qalacaq.

Politoloq vurğulayıb ki, Baş katibin ilk olaraq Bakıya, sonra isə Tiflis və İrəvana səfərlər etməsi NATO-nun regiona marağının artdığını göstərir:

“Bilirsiniz, dünyada çox şey dəyişib və Ukraynada hazırda NATO ilə Rusiya müharibəsi gedir. Belə olan halda, bizim region çox böyük önəm daşıyır. Stoltenberq özü də qeyd etdi ki, NATO-nun regionda xüsusi marağı var və o, həmin maraqların reallaşdırılması üçün regiona səfər edib. Burada sual yaranır ki, Azərbaycan, Gürcüstan və Ermənistan hansı şərtlərlə və nə dərəcədə NATO-nun maraqlarına daxildir. Çünki dünyada hadisələr sürətlə cərəyan edir, yeni oyunçular yaranır. Buna baxmayaraq, regionun inkişafı Azərbaycan-Gürcüstan tandemi üzərində qurulub. Çünki Qara dəniz üzərindən keçən nəqliyyat yollarının alternativi olmayacaq. Bu yolla qısa zamanda Şərqlə Qərbi birləşdirən layihələr icra ediləcək. Buna görə də biz, iki ölkə olaraq öz maraqlarımıza xidmət edən qərarlar verməliyik. Burada yeganə çıxış yolu sülh müqaviləsinin imzalanmasıdır. Belə olan halda, hər üç ölkə regionun inkişafı üçün çalışacaq. Düşünürəm ki, bu səfərlər öz töhfəsini verəcək və liderlər də doğru qərarlar qəbul etməklə xalqların rifahı üçün addımlar atacaqlar”.

Teqlər: