Qadın güləşçilərimiz Avropa çempionatında 2 medal qazanıblar

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa
çempionatı davam edir.

AzerTimes-ın
məlumatına görə, qadın güləşçilərimiz qitə birinciliyində 2 medal
qazanıblar.

Şəhanə Nəzərova (50 kq) dörddəbir finalda Şimali Makedoniya
təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib
gəlib – 13:2. Həmyerlimiz yarımfinalda macarıstanlı Şimonetta
Şekerlə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib – 0:8.
Ş.Nəzərova bürünc medal uğrunda almaniyalı Liza Ersellə güləşib.
Görüş dramatik alınıb. Xala-xal prinsipi ilə keçən qarşılaşmanın
sonlarında təşəbbüsü əldən verən güləşçimiz rəqibinə 8:9 hesabı ilə
məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Elnurə Məmmədova (55 kq) dörddəbir finalda slovakiyalı Mariya
Martinçuku məğlub etməkdə çətinlik çəkməyib – 10:3. Güləşçimiz
yarımfinalda moldovalı Mixaela Samoilə də heç bir şans tanımayıb –
11:4. Beləliklə, finala yüksələn E.Məmmədova rumıniyalı Andrea
Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxıb. Bu görüşdə güclü
rəqibi ilə bacarmayan E.Məmmədova gümüş medalı boynundan asıb.

Nigar Mirzəzadə (68 kq) dörddəbir finalda slovakiyalı Olqa
Maslovskanı üstələyib – 4:1. Millimizin üzvü yarımfinalda 23
yaşadək güləşçilər arasında dünya üçüncüsü olmuş Aslı Demirlə
üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb – 6:0.
N.Mirzəzadə bürünc medal uğrunda qarşılaşmada ispaniyalı Marta
Navarroyla güləşib və rəqibini 6:3 hesabı ilə məğlub edərək Avropa
çempionatının bürünc medalına sahib çıxıb.

Teqlər: