Qadın alverçisinə 9 il həbs cəzası verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Sevinc Durmuşovanın cinayət işi üzrə məhkəmə araşdırması baş çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Durmuşova 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, S.Durmuşovaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.


İttihama görə, Sevinc Durmuşova Azərbaycan vətəndaşı olan bir qrup qadını ölkə hüdudlarından kənara aparıb, orada cinsi istismara məruz qoyub.

Bir qrup qadının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında Sevinc Durmuşovanın barəsində cinayət işi başlanıb.

Teqlər: