Ötən gün Soçidə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə Rusiya Prezidenti Vladimir Putinin Belarusa nüvə silahlarını iyulun 8-ə qədər yerləşdirəcəyini açıqlaması Qərbdə ciddi reaksiyalar doğurub.
AzerTimes xəbər verir ki, Qərb mediası nüvə silahlarının yerləşdirilməsi prosesinin həddən artıq sürətlə icra edildiyindən təəccüblənib və bu tarixin təsadüfən seçilmədiyinə diqqət çəkib. Bildirilib ki, bu, 11-12 iyul tarixlərində Vülnusda keçiriləcək NATO sammitinə Rusiyanın cavabıdır. Qərb analitikləri Putinin qərarını NATO üçün ciddi hədə də adlandırıblar.
Politoloq Elxan Şahinoğlu isə bu addımın strateji səhv olmasını istisna etməyib.
“Belarus Prezidenti Aleksandr Lukaşenko Putinə tabedir. Ancaq bir gün Lukaşenko olmasa və Belarusun yeni lideri Ukrayna kimi Rusiya əvəzinə Qərbə inteqrasiya yolunu seçərsə, həmin nüvə silahının taleyi necə olacaq? SSRİ-nin vaxtında nüvə silahı 4 respublikada – Rusiyada, Ukraynada, Belarusda və Qazaxıstanda olub. SSRİ dağldıqdan sonra nüvə silahlarının Rusiyaya təhvil verilməsi ilə bağlı razılıq əldə edildi. Ancaq Ukrayna müharibəsi göstərdi ki, bu yanlış qərar idi. Ukraynanın nüvə silahı olsaydı, Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlamağa risk etməzdi. Bu, Kiyevə və Qərbə dərs oldu. Minsk də bundan dərs çıxarıb. Belarus gələcəkdə həmin nüvə silahını Rusiyaya qaytarmayaraq, onu ərazisində saxlamaq haqqını tələb edə bilər. Bu, Belarusun özünü Rusiyanın mümkün həmləsindən qoruması üçün güclü alət olar”.
Qeyd edək ki, Soçidə keçirilən görüşdə Putin Rusiya nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinə iyulun 7-8-də onlar üçün qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlanacağını açıqlayıb.