Rusiya Prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikcə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq, “Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır. Türkiyə Cümhurbaşqanı son çıxışında bu mövzuya yeni fikirlərini əlavə etməklə toxunub: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvəni artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü tam bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan, “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” – dedikdə bunu da nəzərdə tutub”, – politoloq vurğulayıb.