Rusiya Prezidenti Vladimir Putin vəziyyəti gərginləşdirməmək qərarına gələrək, Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair müqavilə imzalamağa razılaşıb.
AzerTimes xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.
Onun sözlərinə görə, Putin bu yaxınlarda Avropanı qaz nəqlini dayandırmaqla hədələyib və bununla da enerji müharibəsi elan edib:
“Ərzaq müharibəsinə gəlincə, orada asılılıq olmadığı üçün bunu elan edə bilmir. Putinin Asiya və Afrika ölkələri qarşısında gözəl görünməsi vacibdir.
Burada Putinin geosiyasi oyunları da var. Lakin əsas odur ki, o, indi hər şeyi riskə atmağa hazır deyil. O, dünyada total böhran yaratmaq üçün vəziyyəti gərginləşdirmək istəmir”.
Fesenko Putinin Qərblə açıq konfliktə getmək istəməməsini Rusiyadakı qeyri-sabit daxili vəziyyətlə izah edib:
“Bu mənada yaxşı xəbər odur ki, Putinin hələ də müəyyən rasionallığı var. Bu o deməkdir ki, siz ona təzyiq edə bilərsiniz”.
Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında taxıl ixracına dair saziş imzalanıb.